Türklərin “Avropa İttifaqı”? - VIII Zirvə Görüşünün yekunları haqda qeydlər
İstanbulda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü öz işini başa vurdu. Gözlənildiyi kimi, sonda bir sıra mühüm qərarlar verildi. Verilən qərarlar içərisində isı 4 əlamətdar istiqaməti qeyd etmək olar.
Birincisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqda qərar qəbul edildi. Prinsip etibarilə, bu qərarın gec-tez veriləcəyi məlum idi. Söhbət təkcə təşkilatın adından deyil, həm də adla paralel qurumun statusunun dəyişdirilməsindən gedir.
Dünya praktikasına nəzər salsaq, bir çox beynəlxalq və regional təşkilatların fərqli ad və statuslarda yaradılıb daha sonra adı ilə birlikdə statusunun da dəyişdiyini görə bilərik. Misal üçün bu gün "Avropa İttifaqı” olaraq bildiyimiz təşkilat vaxtı ilə "Avropanın Polad və Kömür Birliyi” adı ilə yaradılmış, Avropada polad və kömür sənayesinin tənzimlənməsi, iqtisadi münasibətlərin formalaşmasını özündə ehtiva edirdi. Halbuki bu gün "Avropa İttifaqı” təkcə iqtisadi deyil, sosial, hüquqi, mədəni, siyasi, diplomatik, hətta müəyyən mənada hərbi məsələləri də özündə ehtiva edir. Bu mənada deyə bilərik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi yaxın illərdə təşkilatın "Avropa İttifaqı”nın bənzəri olacaq bir təşkilata keçidi ilə müşahidə ediləcək. Belə bir perspektivdə xüsusilə Türkiyə və Azərbaycan daha maraqlıdır.
Türkiyə uzun illərdir Avropa İttifaqına daxil olmaq istəsə də, süni maneələr və ikili standarlara məruz qaldığı üçün bu yalnız istək olaraq qalıb. Rəsmi Ankara buna görə Avropa Birliyinə üzv olmaq yerinə, vaxtı ilə Avropa ölkələrinin etdiyini etmək, yəni soykökü, dili bir türk dövlətlərinin özünəməxsus təşkilatının yaranmasını istəyir.
İkincisi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqda qərar qəbul edildi. Bu mühüm hadisədir. Çünki Türkmənistan digər türk ölkələrindən fərqli olaraq beynəlxalq təşkilatlara, hərbi alyanslara, hətta dövlətlərarası münasibətlərə qapalı bir ölkədir. Digər türk ölkələri müstəqillik sonrası bir çox beynəlxalq təşkilata üzv olub dünyaya inteqrasiya etsə də, Türkmənistanla vəziyyət heç də belə olmadı. Bu mənada Türkmənistanın təşkilata üzvlüyü olduqca vacib bir hadisədir.
Türkmənistanın təşkilata üzv olması təşkilatın və ümumilikdə türk ölkələrinin iqtisadi potensialını ciddi ölçüdə artıracaq. Məsələ ondadır ki, Türkmənistan dünyanın ən böyük təbii qaz rezervlərinə sahib ölkələrdəndir. Bunu həm Türkiyə, həm də Azərbaycan yaxşı bilir.
Xüsusilə, Azərbaycanın son illərdə ərsəyə gətirdiyini TAP və TANAP layihələri ilə Avropa bazarına təbii qaz nəql edən daşıyıcı və ixracatçı ölkə olmaq istəyir. Hazırda həmin layihələr ilə Avropaya Azərbaycan 10 milyard kubmetr qaz nəql edir. Türkmənistanın "Türk Dövlətləri Təşkilatı”na qatılması sonrası Avropaya nəql olunacaq qazın həcmi 30, hətta 50 milyard kubmetrə çatdırıla bilər. Digər tərəfdən Türkmənistanın təşkilata üzv olması həm də Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizin reallaşmasını sürətləndirə biləcək. Bu türkmən qazının Xəzər dənizi vasitəsilə TAP və TANAP layihələrinə qoşulması, Avropa bazarına nəqlini sürətləndirəcək.
Üçüncüsü, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edildi. Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk Birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir. Onu da qeyd edim ki, bu medal həm də zəfər əlamətidir. Yəni bundan sonra bu medalı əldə edəcək türk lideri də ən azından 44 günlük müharibə bənzəri bir zəfər əldə etməlidir. Bu medalla ölkə başçısı həm də təşkilat daxilində real döyüş görmüş, müharibəyə komandanlıq etmiş tək lider ünvanına sahib oldu.
Dördüncüsü, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qərar qəbul edildi. Türk dünyasına baxış - 2040” sənədi həmdə "Türk Dövlətləri Təşkilatı”ın gələcək vizyonunu elan adir. Yəni təşkilat artıq qarşısına 20 illik bir plan qoyub. Qarşıdakı 20 il ərzində "Türk Dövlətləri Təşkilatı”ı ehtimal ki, bunlara nail olmağa çalışacaq:
1. Təşkilata yeni üzvlər və müşahidəçi üzvlərin çəlb edilməsi. Ehtimal ki, gələcəkdə təşkilata daxilində çoxsaylı tük subyektləri və ya əhalisinin yaşadığı qeyri-türk ölkələri müşahidəçi qismində qəbul edilə bilər. Misal üçün Rusiya Federasiyası buna yaxşı misaldır.
2. Təşkilat daxilində ortaq valyuta, viza rejiminin ləğvi və gömrük rümunun azaldılması, hətta tamamilə ləğv edilməsi məsələsi qarşıdakı 20 il ərzində təşkilatın başlıca məsələləri ola bilər.
3. Bir çox ekspertlərdən fərqli olaraq düşünürəm ki, hazırda türk ölkələrin və ya "Türk Dövlətləri Təşkilatı”ın ortaq orduya yox, məhz ortaq sülhməramlı qüvvələrə ehtiyacı var. Yəni ortaq ordunun yaradılması həm uzun vaxt tələb edir, həm də dünya ictimaiyyətində fərqli anlaşıla bilər. Lakin təşkilatın üzv ölkələrdən ibarət vahid sülhməmralılarının olması həm təşkilatın beynəlxalq aləmdə nüfuzu artıra, həm də müxtəlif münaqişə ocaqlarında münaqişələri tənzimləyə bilər. Prinsip etibarilə türk ölkələri başda Türkiyə olmaqla, bunu ayrı-ayrılıqda onsuz da edir. Türkiyənin Qarabağ daxil, bir çox regionda apardığı sülhməramlı fəaliyyət təqdirəlayiqdir. Bu mənada bu ideya qarşıdakı 20 il ərzində gündəlikdə olmalıdır. Bu baş versə, Qarabağ kimi münaqişələrdə Rusiyanın deyil, "Türk Dövlətləri Təşkilatı”ın sülhməramlıları yerləşməsinin şahidi ola bilərik.
Turan Rzayev





