Kremlin Azərbaycana yeni təzyiq vasitəsi: Minsk qrupunun həmsədrləri Qarabağa səfər edəcək?
"Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağa səfərinin təşkili ilə bağlı açıqlaması Kremlin Azərbaycana təyziq vasitəsidir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, ilk növbədə Minsk qrupunun həmsədrlərinin Xankəndiyə səfəri status məsələsini gündəmə gətirə bilər:
"Rusiya çalışır ki, bununla situasiyanı gərginləşdirsin. Moskvanın əsas planı Azərbaycana öz təkliflərini qəbul etdirməkdir. Digər tərəfdən, Azərbaycan XİN rəhbərinin Fransa XİN rəhbəri ilə görüşü və aparılan danışıqlar Parisin mövqeyində müəyyən yumuşalmalara gətirib çıxarıb. Məhz Fransa XİN bəyanatında "Qarabağ münaqişəsi" deyil, Ermənistan və Azərbaycan arasında böhran kimi xarakterizə edildi. Bu bəyanata baxmayaraq, Minsk qrupu çərçivəsində Fransa da ABŞ və Rusiya ilə eyni olaraq Ermənistanın maraqlarından çıxış edəcək. Ona görə də Ermənistan tərəfi daima Minsk qrupunun fəaliyyətinin bərpa edilməsinə çalışır”.
Politoloq qeyd edib ki, Vaşinqton da Minsk qrupunun fəaliyyəti istiqamətində aktiv şəkildə siyasi təzyiqlərə əl atır:
"ABŞ-ın bu siyasəti regionda erməni lobbisinin maraqlarına xidmət etməklə yanaşı, regionda deustiriktiv siyasətə də xidmət edir. Minsk qrupunun regiona səfəri və danışıqları Azərbaycanın maraqlarına uyğun deyil. Rəsmi Bakı belə bir formata o halda razılıq verməlidir ki, həmsədrlər artıq Qarabağ münaqişəsi deyil, Ermənistan və Azərbaycan arasında mövcud 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi və iki ölkə arasında sülhün əldə edilməsinə çalışsın. Minsk qrupuna belə bir mandat verilməlidir. Halbuki, Minsk qrupunun hazırda mandatı bitmiş Qarabağ münaqişəsinin həllindən ibarətdir. Ona görə də belə bir mandatla regiona və Qarabağa səfərləri qəbuledilməzdir”.
Günay Rəsulqızı
Sfera.az






