Sarkisyanın son açıqlaması nəyə hesablanıb? - "Sifariş Kremldən verilib..."
"Sülhməramlıların Qarabağda uzun müddət qalması Ermənistanın ürəyincədir”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Ermənistan prezidenti Armen Sarkisyanın son açıqlamasını şərh edərkən deyib. O bildirib ki, sözügedən məsələ həm də Rusiyanın maraqlarına cavab verir:
"Rus hərbçilərinin Qarabağdan çıxmasına dörd il qaldığı bir vaxtda Moskvanın həmin müddəti uzatmaq üçün müxtəlif addımlar atması gözləniləndir. Hətta istisna deyil ki, Sarkisyanın sözügedən bəyanatının sifarişi Kremldən verilib. Digər tərəfdən, prezidentin bu fikirləri daxili auditoriyaya da hesablana bilər. Ola bilsin, dövlət başçısı bu yolla xalqını sakitləşdirmək istəyir. Çünki Ermənistanda vəziyyət yaxşı deyil, insanlar sürətlə ölkəni tərk edirlər və bu proses getdikcə sürətlənməkdədir”.
K.Novruzov bildirib ki, Sarkisyanın "Türkiyə regional əməkdaşlıq istəyirsə, ilk addımı özü atmalıdır" deməsi onun ya Qərbə, ya da Rusiyaya arxayın olduğunu göstərir:
"Prezidentə hansısa vədlərin verilməsi də mümkündür. Sarkisyanla Ermənistan baş naziri Nikol Paşinyan arasında müəyyən fikir ziddiyyətinin olması təəccüblü deyil. Paşinyan son vaxtlar Ermənistanın ənənəvi xarici siyasətində müəyyən yeniliklər etməyə çalışır. Sarkisyanın "Biz prezidentli respublikadan parlamentli respublikaya keçidlə səhv etdik" açıqlaması da bu baxımdan diqqət çəkir. Bütün hallarda Sarkisyanın açıqlamasına etinasız yanaşmamaqda fayda var. Çünki o, idarə olunur. Belə bəyanatlar hər şeydən əvvəl ictimai şüuru formalaşdırmağa hesablanıb. Əgər vaxtında reaksiya verilməsə, oxşar addımlar intensivləşəcək”.
Siyasi şərhçi qeyd edib ki, hətta yaxın gələcəkdə sülhməramlılarla bağlı Rusiya və ya Ermənistan tərəfindən daha qıcıqlandırıcı bəyanatların səsləndirilməsi gözləniləndir:
"Bunun qarşısını almaqdan ötrü qabaqlayıcı tədbirlər görülməli, üçtərəfli bəyanatın şərtləri xatırladılmalıdır. Həm Moskvanın, həm də İrəvanın diqqətinə çatdırılmalıdır ki, razılaşmanın tələblərinə zidd olaraq sülhməramlılar işlərini görmür, erməni silahlılarını Qarabağdan çıxarmırlar. Bu isə həm beş ildən daha az müddətdə sülhməramlılardan imtina etməyimiz, həm də Qarabağda antiterror əməliyyatı keçirməyimiz üçün kifayət qədər tutarlı əsasdır”.
Xatırladaq ki, Armen Sarkisyan ötən gün "Arqument i faktı" qəzetinə müsahibəsində Qarabağdakı rus hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin bildirib ki, sülhməramlılar Qarabağdan çıxmamalı, ərazidə daimi qalmalıdırlar, çünki bu, regional sabitlik üçün əsas təminatdır.
Günay Rəsulqızı
Sfera.az






