2022-ci ildə daha çox ipoteka krediti veriləcək
Sfera.az bildirir ki, bununla bağlı 2022-ci ilin dövlət büdcəsində vəsait nəzərdə tutulub. Gələn il Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılacaq.
Vəsaitin 95 milyon manatı güzəştli ipoteka kreditlərinin verilməsi, 5 milyon manatı isə sahibkarların manatla aldıqları kreditlərə görə hesablanmış faizlərə subsidiya verilməsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2021-ci ildə İpoteka və Kredit Zəmanət Fonduna 80 milyon manat ayrılıb. Müqayisə göstərir ki, gələn il ipoteka fonduna ayrılacaq vəsait 20 faiz artırılacaq.
Dövlət büdcəsindən Fonda ayrılan vəsaitin artması ipoteka kreditlərinin həcminin artmasına səbəb olacaq. İndiyə qədər dövlət vəsaiti hesabına 1,95 milyard manat ipoteka krediti, 234,13 milyon manat kreditlərə zəmanət və subsidiya ayrılıb.
Fonda ayrılan vəsaitin artırılması ilk növbədə güzəştli ipoteka kreditlərinin həcminin artmasına səbəb olacaq. İndiyə qədər 615 milyon manat, ötən il 110 milyon manat güzəştli ipoteka krediti verilib. Büdcə vəsaitinin artırılması Fonda güzəştli kreditlər üçün daha çox vəsait ayırmağa imkan yaradacaq.
Digər tərəfdən vəsaitin həcminin artırılması Fondun aktivlərinin də artımına kömək edəcək ki, bu da adi kreditlər üçün daha çox vəsaitin cəlb edilməsi ilə nəticələnəcək. Ötən il 97 milyon manat həcmində adi ipoteka krediti verilib. Büdcə vəsaitinin artmasından sonra Fond adi ipoteka üzrə kredit qoyuluşunu də artıra biləcək.
Vasif
Sfera.az






