"Məcburiyyətsiz həyat" partiyası yaradılır - Peyvənd əleyhdarlarından yeni HƏMLƏ
Sfera.az bildirir ki, bu barədə vəkil Hacı Ali Özhan yerli mediaya açıqlamasında deyib. O, "Dayatmasız Yaşam” (Məcburiyyətsiz həyat) adlı partiyanın təsis ərizəsini gələn həftə Daxili İşlər Nazirliyinə təqdim edəcəyini bildirib. Özhan peyvənd, maska və məcburi PCR testlərinə qarşı mübarizə aparacaqlarını deyib.
"Heç biri siyasi fəaliyyət olmayacaq. Partiyamız pandemiya mübarizəsi ilə məhdudlaşan vahid məqsəd üçün çalışacaq və missiya başa çatdıqdan sonra özünü ləğv edəcək”, - deyə vəkil əlavə edib.
Hacı Ali partiyanın proqramından söz açaraq, insanların bədən toxunulmazlığına məcburi müdaxilələrin və tətbiqlərin əleyhinə olduqlarını vurğulayıb:
"Peyvənd adlanan kimyəvi mayelərlə çip izləmə sistemi quraraq, robotlaşdırılmış kölə insanlar yaratmağı hədəfləyən planlara qarşıyıq. Ölkəyə girəndə və ya çıxanda tələb edilən vaksinlərin, PCR testi öhdəliyinin əleyhinəyik. Biz maskaların tətbiqinə etiraz edirik. Bədən mənimdir, qərarıma hörmət edin, bədən bütövlüyünə toxunmayın! Yaşamaq hüququmuza müdaxiləni qəbul etmirik və məcburiyyətsiz bir həyat istəyirik”.
Xatırladaq ki, vaksin əleyhdarları 11 sentyabrda İstanbul Maltepedə "Böyük oyanış” adı ilə açıq havada mitinq keçirmişdi. Ötən günlərdə isə Ümumdünya Səhiyyə Təşkilatının Mecidiyeköydəki ofisinin qarşısında etiraz aksiyası təşkil etmişdilər.
Günay Rəsulqızı
Sfera.az






