"Azərbaycanda tıxac problemini məmurlar yaradır, diz çökənə qədər ac saxlanmalıdırlar" - ETİRAZ
"Azərbaycanın əhalisi 10 milyondur və ölkədə 1.5 milyon nəqliyyat vasitəsi mövcuddur. Bu o deməkdir ki, əhalinin hər min nəfərinə 150-dən də az avtomobil düşür – 132”.
Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bəzi məmurlar ölkədə tıxacın səbəbini avtomobillərin çoxluğu ilə əlaqələndirməkdə israr edirlər:
"Avtomobillərin çoxluğu tıxac yaratmır. Tıxacı nəqliyyat sisteminin düzgün idarə edilməməsi, nəqliyyatın ayrı-ayrı qurumların əlində olması, vahid idarəetmə sisteminin olmaması yaradır. Bir də yeyinti. Hələ mən özündən razı, bir-birini bəyənməyən balaca məmurları demirəm. O deyir, mən daha çox bilirəm, bu deyir, Avropada elədirsə bizdə də olsun, o biri deyir, xeyr, mən ağsaqqalam, nə deyirəmsə, düz deyirəm. Bax beləcə, bizim nəqliyyat problemlemləri arta-arta gedir”.
Ekspert bildirib ki, Azərbaycanda məmurların gözü doyanda və nəqliyyata ayrılan pullar yeyilməyəndə tıxac azalacaq, bu sahədə ciddi işlər görüləcək:
"Bizdə yolu tikən də məmurdur, yolların kənarında özbaşına tikililər tikib yolu daraldanlar da. Yəni, məmur məmurun qarşısını kəsə bilmir, nəticədə məmurlar birləşib yol təsərrüfatını bərbad hala salırlar. Yeyirlər, dağıdırlar, göz yumurlar, aləm dəyir bir-birinə, sonra da başlayırlar ki, tıxaca səbəb maşınların çoxalmasıdır. Ölkədə son illər yol şəbəkəsi qısalır, avtomobillərin sayına görə hesablama aparsaq, ciddi parklanma problemləri var və davam edir. Səkilərdən, başqa-başqa yerlərdən didərgin salınan sürücülər bu gün maşınlarını daha vacib yollarda saxlayıb daha böyük problemlər yaradırlar.
Yol şəbəkəsi niyə daralır? Çünki məmur-oliqarxlar bina tikir. Kasıb bina tikib yol kəsmir ki, məmur-oliqarxlar tikir. Bəs onlara kim imkan verib şərait yaradır? Yenə də məmurlar. Azərbaycanda tıxac problemini məmurlar yaradır. Çıxış yolu budur ki, həmin məmurların əlindən həmin mülkləri alıb sökmək və yolları genişləndirmək, qanunsuz tikililərə imza atan məmurları isə, diz çökənə qədər ac saxlamaq lazımdır”.
Günay Rəsulqızı
Sfera.az






