Onlayn kirayə mənzil axtaranlar necə aldadılır? – Ekspert diqqət edilməli məqamlardan danışdı
Son zamanlar kibercinayətkarlıq faktlarının statistikasında artım müşahidə olunur. Kibercinayətkarlığın nüfuz etdiyi fəaliyyət sferalarından biri də obyektlərin satışı və kirayə verilməsi xidmətləridir.
Belə ki, onlayn qaydada kirayə mənzil üçün müraciət etdikdə insanlardan kart hesabı tələb olunur və daha sonra həmin kartdakı pullar oğurlanır. Yaxud, mənzil sahibi olmayan şəxslər səlahiyyətlərində olmayan obyektləri kirayə verərək vətəndaşlara problemlər yaşadırlar.
Maraqlıdır, bu kimi faktlarla bağlı dələduzluq hallarının qarşısını necə almaq olar?
Məsələ ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov kirayə mənzil axtaranların sahibkardan bəzi sənədləri tələb etməli olduğunu bildirib:
"Əmlak ekspertlərinin kirayə mənzil axtaran şəxsləri müxtəlif yollarla aldatması halları hər zaman olub. Sadəcə olaraq, kibercinayətkarlıq yolu ilə insanları aldatmaq indi yayılıb. Əvvəllər kirayə mənzil axtaran şəxslər özü birbaşa gedib ünvana baş çəkirdi, axtarış edirdi. İndisə əksər vətəndaşlarımız internet vasitəsi ilə seçim etməyə üstünlük verir. Mənzilə baxış edən şəxs mütləq şəkildə müqaviləyə diqqət yetirməlidir. Bundan əlavə, obyektin sahibi mülkiyyətin sənədini və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Sənədlərlə tanış olduqdan sonra əlyazma üzərində razılaşma əldə olunmalıdır. Əgər obyektdən rəsmi nümayəndə görüşdə olursa, o zaman etibarnamə olmalıdır.
Sənəddə obyektin hansı səbəblə kirayə verilməsi, alqı-satqı məsələləri ilə bağlı rəqəmlər göstərilməli və tərəflər imza atmalıdır. Bu qaydalar yerinə yetirilərsə, dələduzluq halları baş verməz. Bəzi şəxslər obyekt onlara aid olmadığı halda mənzili kirayə verir, pulu alır və aradan çıxır. Buna görə də mənzil kirayələmək istəyən şəxslər sahibkarlar qarşısında müəyyən tələblər qoymalıdır”.
Əzizə Zeynal





