Logo

Dünya “Taliban”ı tanımağa HAZIRLAŞIR: Rusiya və Çin isə narahatdır

Dünya “Taliban”ı tanımağa HAZIRLAŞIR: Rusiya və Çin isə narahatdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Beynəlxalq ictimaiyyət Əfqanıstandakı yeni hakimiyyəti tanımağa meyillidir”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi, jurnalist Kənan Novruzov deyib. O, bu günlərdə Qətərdə Çinin xarici işlər naziri Van Yi ilə müvəqqəti "Taliban" hökumətinin xarici işlər naziri Əmir Xan Mötəkki arasında danışıqların olduğunu xatırladıb:

""Taliban" nümayəndəsi Əfqanıstan ərazisindən Çinə təhlükə yaratmaq üçün heç bir qüvvəyə icazə verilməyəcəyini vurğulayıb. Ağ Evdə keçirilən brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə bildirib ki, Vaşinqton Əfqanıstanla bağlı məsələlərdə Moskva və Pekinlə konstruktiv məsləhətləşmələr apara bilər. Pentaqonun "Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının terror aktı törədə bilməsi xəbərdarlığı da diqqət çəkir. Pentaqon nümayəndələri hücumların Əfqanıstandan kənarda bir yerdə gözlənildiyini deyiblər. ABŞ müdafiə naziri Lyod Austin bu günlərdə Əl- Qaidə terror təşkilatının Əfqanıstanda yenidən formalaşmasının mümkün olduğunu bildirib. Bütün bunlar onu göstərir ki, "Taliban" dünya siyasətinin əsas mövzularından biridir. Yəqin, hələ xeyli müddət belə davam edəcək”.

Siyasi yazar Moskva və Pekinin narahatlığını da vurğulayıb:

"Elə buna görə "Taliban" xarici işlər naziri deyib ki, Çin üçün hansısa təhdid olmayacaq. Moskva isə, çox güman, güzəştə getməlidir. Əks halda, Ankara ilə münasibətlərda ziddiyət yarana bilər. Bu, indiki halda şimal qonşumuz üçün arzuolunan deyil. Noyabrın ikinci yarısında Əfqanıstandakı durumla bağlı ABŞ, Pakistan, Rusiya və Çin nümayəndələrinin görüşü gözlənilir. Əslində heyət balanslıdır. Sonuncu iki ölkə "Taliban"ı tanımaq istəmir. Pakistan həmin qruplaşmaya müsbət mesajlar verən dövlətlərdəndir. ABŞ isə düşünür. Ancaq dediyim kimi, Rusiya "Taliban"a göz yummalı olacaq”.

K.Novruzovun fikrincə, qoşunların Əfqanıstandan çıxarılmasından və bütün silah-sursatın ölkədəki yeni hakimiyyətə qalmasından sonra daxildə Bayden administrasiyasına qarşı narazılıqların yarandığı nəzərə alınsa, ABŞ-ın yenidən Əfqanıstana daxil olmaq yolları axtarma ehtimalı var:

"Məhz bu səbəbdən, ABŞ müdafiə naziri ölkəyə müdaxilə ehtimalını istisna etməyib. Bu, bir növ "ayaq yeri qoymaq" deməkdir. İstənilən halda,  "Taliban"ın legitimləşmək şansı daha çoxdur, böyük ehtimalla bu olacaq. Amma yeni hakimiyyət daim nəzarət altında qalacaq. O vaxtadək danışıqların intensivləşməsi, müxtəlif razılıqların əldə olunması mümkündür. Əgər "Taliban" qırmızı xətti keçsə, bu, ona baha başa gələcək”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR