“Füzuli Hava Limanı buna görə qapılarını ilk olaraq Türkiyə təyyarələrinin üzünə açdı” – Şərh
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra ölkəmizə 3-cü səfəri gerçəkləşdi. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi bu hava limanına gəlişi və ölkə başçısı cənab İlham Əliyevlə birgə bu hava limanının açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsinin özü siyasi mesaj xarakteri daşıyır və bununla hər iki dövlət başçısı dünyaya qəti mesaj vermiş oldular”.
Bu sözləri Sfera.az-a politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən buraya mütəmadi uçuşlar həyata keçirilə bilər:
"Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin asanlaşmasına şərait yaratmış olur. Daha sonra hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı isə region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Bu təməlqoyma mərasiminin baş tutması ilə hər iki ölkə başçısı açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılamasına kimin qarşı çıxmasından asılı olmayaraq, bu dəhliz mütləq açılacaq.
Nəhayət, hər iki ölkə lider arasında həm təkbətək görüş, həm də birgə keçirdikləri mətbuat konfransı seçildiyi yer və konfransda söylənilən fikirlər baxımından vacib əhəmiyyətə malik mesaj kimi qəbul edilə bilər.
Son olaraq onu da qeyd etmək lazımdır ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri və burada iştirak etdiyi tədbirlərdən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorikanın dəyişməsi və nisbətən aqressiyanın artması hiss edilməkdədir. Bu aqressiyanın əsas təzahürlərindən biri isə Dağlıq Qarabağ termininin işlədiləməsidir”.Turan Rzayev






