“Ərdoğan və Əliyev Qarabağdan dünyaya bu mesajı verdilər...” – Türkiyəli ekspertdən dəyərləndirmə
Kateqoriya məlum deyil
"Dünən Füzuli beynəlxalq hava limanının açılışında Türkiyə və Azərbaycan prezidentləri dünyaya açıq şəkildə mesaj verdilər. Yəni Azərbaycan və Türkiyə Şuşada ortaya qoyduqları siyasi iradəni bütün maneələrə, siyasi təzyiqlərə baxmayaraq addım-addım reallaşdır”.
Bu sözləri Sfera.az-a türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli aeroportunun açılış mərasimində iştirak etməsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan böyük bir qərarlılıqla Qarabağ və Zəngəzur üzərindən Azərbaycanı Türkiyəyə birləşdirməyə çalışır və bu, həm də çoxəsirlik mədəniyyət layihəsidir:
"Füzuli hava limanı və Qarabağda salınan yeni yollar Asiyanı Avropaya birləşdirən ən rahat marşrutlardan biri olacaq. Bu yol təkcə türk dünyasını deyil, Asiya və Avropa xalqları arasında mədəniyyət körpüsü olacaq. Zəngəzur dəhlizi isə bu yolun açar nöqtəsidir. Füzuli hava limanı, Qarabağda salınan yeni yollar, həmçinin Zəngəzur dəhlizi Çinin "bir kəmər, bir yol" layihəsinin tərkib hissəsidir. Bu mənada Füzuli aeroportunun açılışı ilə ortaya qoyulan mənzərə böyük məna kəsp edir. Yəni yeni İpək Yolunda Azərbaycan və Türkiyə əsas ölkələrdir”.Turan Rzayev






