Köçəryanın yeni "mitinq oyunu" - "Siyasi girdaba yuvarlanacaq"
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi "Hayastan” bloku mitinqlərə start verib. Uzun müddətdir aksiyalara ara verən radikal müxalifətin məhz 9 noyabrda yeni üçtərəfli müqavilənin bağlanacağı ilə bağlı məlumatların yayıldığı ərəfədə mitinqləri bərpa etməsi isə bir sıra suallar doğurur.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Köçəryan, Paşinyanın Moskvada Azərbaycan prezidenti ilə danışıqlar prosesində ərazi güzəştlərinə gedəcəyi bəhanəsi ilə mitinqlərə start verib:
""Daşnaksityun" partiyasından İşxan Saqatelyan Köçəryana dəstək verir. Bu kimi mitinqlərlə hakimiyyətə qarşı təzyiq təbii ki, mümkün olmayacaq. Həmçinin, bununla Köçəryan əhalinin aktiv dəstəyini ala bilməyəcək. Parlament seçkilərində eks-prezident hesab edirdi ki, parlament tribunasından ana müxalifət olaraq Nikola qarşı mübarizə aparacaq və konkret nailiyyətlər əldə edəcək. Parlamentdə fraksiya rəhbəri Ohanyanın bir neçə təxribatlara əl atması və blokun deputatların etirazları da səmərəli olmadı. Hayastan fraksiyasının bütün təxribatlarının iqtidar partiyası tərəfindən qarşısı alındı və Köçəryanın parlament mübarizəsi fiaskoya uğradı. O, növbəti dəfə yenidən meydana qayıdır”.
Politoloq qeyd edib ki, Köçəryanın bu siyasətini, nə arxalandığı Rusiya dəstəkləyəcək, nə də "Qarabağ" klanı:
"Ona görə də Robertin daşnaklarla birgə bu fiaskoya uğramış mübarizəsi də nəticəsiz başa çatacaq. Ümumiyyətlə, regionda yeni geosiyasi reallıqlar yaranıb. Ermənistanda istənilən hakimiyyət bununla hesablaşmaq məcburiyyətindədir. Köçəryan nəyəsə nail olmağa çalışır. Amma özünün siyasi girdaba yuvarlanmasına səbəb olacaq. Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi İrəvan üçün məcburidir. Əks təqdirdə isə Ermənistan siyasi-iqtisadi defolta məhkum olar”.
Günay Rəsulqızı
Sfera.az






