“Ermənistan bu addımına görə Fransadan narazıdır” - Deputat
"İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı Fransanın ölkəmizə təkliflər verməsi Ermənistanı qıcıqlandırıb”.
Bunu Sfera.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. Millət vəkili Fransanın Azərbaycana qarşı yumşaq siyasətə keçidini regiondakı dəyişikliklərlə əlaqələndirib:
"Dövlətlər arasında xarici siyasət ümumi və qarşılıqlı maraqlar əsasında formalaşır. Fransa ilə Azərbaycan arasındakı münasibətlərə Qarabağ probleminin həll olunmaması mənfi təsir edib. Fransa bizmesmenləri çalışırdılar ki, öz iqtisadi layihələrini işğal altındakı ərazilər vasitəsilə həyata keçirsinlər və bu məsələdə də ermənilərdən istifadə edirdilər. Bundan başqa, Fransa siyasi məsələlərin həllində də erməni lobbisindən istifadə edib. Müharibədən sonra isə geosiyasi vəziyyət dəyişib. Dövlət başçısının yürütdüyü siyasət də buna təsirini göstərib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa əvvəllər deklarativ bəyanatlar verməklə yadda qalırdı. Lakin artıq regionda olan dönüşdən sonra Fransa xarici siyasətində müəyyən dəyişikliklər etməyə başladı. İşğaldan azad olan ərazilərə Fransa nümayəndələrinin səfəri kimin haqlı kimin haqsız olduğunu da əyani şəkildə sübut etdi. Buna görə də düşünürəm ki, artıq həm də ümumi maraqlar ortaya çıxıb”.
Deputat Fransa-Ermənistan münasibətlərindəki dəyişiklikdən də söz açıb:
"İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı Fransanın təklif verməsi, Azərbaycanla münasibətlərdə dəyişikliyin olması Ermənistanı qıcıqlandırmaya bilməz. Çünki Ermənistanın güvənc yeri kimi həmişə Fransanın adı çəkilib. Ermənilər həmişə imkan veriblər ki, Fransa onlardan vasitə kimi istifadə etsin. Lakin artıq ümumi maraqlar ortaya çıxmaqdadır və bu siyasətdə öz sözünü deyir”.Əzizə Zeynal






