“Ermənistandan başqa heç bir Qafqaz ölkəsində dini ayrıseçkilik halı müşahidə olunmur” - Açıqlama
Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia ilə bağlı dinləmələr keçirilir.
Maraqlıdır, məhkəmə müsbət yöndə qərar qəbul edə bilərmi? Dinləmələrin bizim üçün əhəmiyyəti nədən ibarətdir?
Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanda dini və irqi ayrıseçkiliyin pik nöqtədə olduğunu deyib:
"Ermənistana qarşı qaldırılan bu iddia tamamilə obyektivdir. Heç kimə sirr deyil ki, Ermənistanda etnik qruplara, irqlərə qarşı ayrıseçkilik həyata keçirilir. Buna siyasi və hüquqi qiymət vermək lazımdır. Son illərin beynəlxalq araşdırmaçılarının statistikasında göstərilir ki, yəhudilərə qarşı Ermənistanda dözümsüzlük hansı yuxarı həddə çatıb. Digər etnik qruplara qarşı da hayların dözümsüzlüyü pik həddədir. Ermənistanda 99 faiz haylar yaşayırsa, bu, o deməkdir ki, ölkədə bu istiqamətdə ciddi problemlər var.
Qafqaz ölkələri adətən çoxmillətli olurlar. Ermənistandan başqa heç bir Qafqaz ölkəsində dini ayrıseçkilik halı müşahidə olunmur. Lakin təəssüflə demək lazımdır ki, beynəlxalq qurumların arxasında olan vacib ölkələr vaxtı ilə Ermənistan dövlətini bilərəkdən yaratmışdılar ki, orada müxtəlif etnik qruplara qarşı təzyiqlərdən istifadə etsinlər. Bu günə qədər də bu siyasət davam edir. Hazırda Azərbaycanın qaldırdığı məsələ çox ciddidir və bundan sonra da biz digər məsələlərlə əlaqədar Ermənistanı cavab verməyə sövq edəcəyik”. Əzizə Zeynal






