"Hazırda kritik vəziyyətdən çıxmaq üçün antiböhran tədbirləri həyata keçiririk" - “Space” TV-nin yeni direktoru
"Hazırda uzun illər "Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların işbirliyi sayəsində antiböhran tədbirləri həyata keçiririk”.
Sfera.az bildirir ki, bunu "Space” TV-nin yeni direktoru Müşfiq Hətəmov deyib. O bildirib ki, ilk olaraq kritik vəziyyətdən çıxmaq üçün fəaliyyətlərinə mane olan problemlər aradan qaldırılır:
"HD yayıma tam keçid, yüksək zövqlü efir tərtibatı və tanıtım çarxları, "Sənədli filmlər” və "Eksperimental layihələr” studiyalarının qurulması işləri yekunlaşmaq üzrədir. Paralel olaraq imkanlarımız daxilində fərqli təqdimatda, yeni əhval-ruhiyyədə TV proqramlarını tamaşaçılara təqdim etmək üçün ciddi fəaliyyət başlayıb və həmin proqramların bir neçəsi artıq yayıma buraxılıb. Bütün bunlar speysçilərin ilk və qısa müddətə hesablanmış hədəfləridir”.
M.Hətəmov daha böyük hədəflərinin olduğunu deyib:
"Yaxın zamanda daha böyük iddialarla, rəqabətədavamlı fəaliyyətlə teleməkana yeni nəfəs gətirməyi qarşımıza məqsəd qoymuşuq”.
Türkan
Sfera.az






