Yas mərasimləri nə vaxt bərpa ediləcək? - Deputat AÇIQLADI
Artıq bir müddətdir, ölkə sərt karantin rejimindən çıxaraq bir sıra yumşaldılmalara gedib. Kinoteatrların, teatrların fəaliyyəti bərpa olunub, toylar müəyyən məhdudiyyət çərçivəsində keçirilir və s.
Maraqlıdır, yas mərasimləri niyə bərpa olunmur?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, yumşaldılmaların həyata keçirilməsi ölkədə pandemiyanın bitdiyi anlamına gəlmir:
"Gündəlik koronavirusa yoluxanların kifayət qədər sayı var. Ona görə də bəzi məhdudiyyətlərin hələ də qüvvədə qalması vacibdir. Məsələn, toyların məhdud çərçivədə keçirilməsi, yas mərasimlərinə qoyulan məhdudiyyət. Bu qərar ona görə qüvvədə qalır ki, insanlar kütləvi bir yerə toplaşanda yenidən infeksiyaya yoluxma riski böyüyür, bu isə artımlara gətirib çıxarır”.
Müsahibimizin sözlərinə görə, nə qədər ki, pandemiya davam edir və bu təhlükə mövcuddur, çalışmalıyıq ki, kütləvi tədbirləri azaldaq, onlardan uzaq olaq:
"Operativ Qərargahın qüvvədə saxladığı bu məhdudiyyət qərarının çox düzgün olduğunu düşünürəm. Ümumiyyətlə, yas mərasimlərinin geniş, təntənəli şəkildə keçirilməsinin tərəfdarı deyiləm. Çünki bu məclislər rəhmətə gedən insanın yaxınlarını xüsusi əziyyətə, xərcə salır. Bunu lazımsız tədbirlər hesab edirəm. Kimsə başsağlığı vermək istəyirsə, telefon vasitəsilə və ya sonradan görüşən zaman bunu edə bilər. Ancaq şərt deyil ki, təntənəli stollar açılsın, süfrələr qurulsun, məclislər keçirilsin”.
Günay Rəsulqızı
Sfera.az






