“Saakaşvilini həbsdə çox saxlaya bilməyəcəklər” - "Vahid Milli Hərəkat" Partiyasının seçkilərdəki azərbaycanlı namizədi
Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının bu gün keçirilən seçkilərdəki namizədi Nərgiz Əliyevanın Sfera.az-a müsahibəsi.
- Nərgiz xanım, bildiyiniz kimi, ölkənizdəki seçkilər Gürcüstanda olduğu kimi Azərbaycanda da maraqla izlənilir. Ümumi atmosfer necədir?
- Bu gün Gürcüstanda təkcə bələdiyyə seçkiləri deyil, həm də referendum keçirilir. Belə ki, Aİ ilə əldə edilən razılaşmaya görə, əgər hakim partiya 43 faiz bariyerini keçə bilməsə, o zaman növbədənkənar parlament seçkiləri keçiriləcək. Təəssüf ki, artıq bir sıra qanun pozuntuları qeydə alınıb və hələ də davam edir. Görünür ki, hakim partiya məğlub olacağını hiss edib. Məntəqələrdəki nümayəndələrimiz hər hansı qanun pozuntusunu qeydə aldıqda, onları məntəqədən uzaqlaşdırmaqla hədələyir və müəyyən provokasiyalara əl atırlar. Bu faktlar həm 2 saylı məntəqədə, həm də digər məntəqələrdə bir neçə dəfə baş verib. Düşünürəm ki, bu gün Gürcüstan inqilab ərəfəsindədir!
- Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səkkiz ildən sonra ölkəsinə qayıtdı və həbs edildi. Bu haqda nə deyə bilərsiniz?
- Mixail Saakaşvili müasir Gürcüstan tarixinə öz töhfəsini verən böyük liderlərdən biridir. Bizim bugünkü vəziyyətimizi görmüş və yanımızda olmaq üçün gəlmişdir. Hakimiyyətin strukturları o qədər zəifdir ki, Saakaşvilinin ölkəyə girişindən bixəbər idilər. Dünən günün yarısına kimi bunun şayiə olduğunu dedilər, sonra isə onu həbs etdilər. Ona qarşı tətbiq edilmiş sanskiyalar Rusiyadan başqa heç bir dünya ölkəsində tanınmır. Bu səbəbdən də biz o sanksiyaları qəbul etmirik. Heç kimin şübhəsi yoxdur ki, Mixail Saakaşvili tezliklə azadlığa çıxacaq və ədalət öz yerini tapacaq. O, bütün bunları vətəni və xalqı üçün etdi.
- Saakaşvilinin Gürcüstana qayıtması fonunda hökumət rəsmiləri tam fərqli şeylər deyir...
- Onun qayıtması haqqında hakimiyyətin heç xəbəri də yox idi. Dünən o, Batumidən görüntlərini paylaşdı. Məhz bu paylaşımdan sonra hakimiyyət maksimum şəkildə çalışırdı ki, bunu inkar etsin. Çünki onların heç nədən xəbəri yox idi. Düşünün, sərhədi keçən bir insan haqda məlumatı olmayan bir hakimiyyətin sistemi nə dərəcədə düzgün işləyə bilər?
Təsəvvür edin, onlar günün sonuna qədər maksimum dərəcədə çalışdılar ki, bu xəbəri inkar edələr və müəyyən bəyanatlarla çıxış edirdilər ki, Saakaşvilinin ölkədə olması yalandır. Lakin axşamtərəfi Saakaşvili həbs olundu. Yeri gəlmişkən, deyim ki, o həbs olunacağını gözləyirdi.
- Nərgiz xanım Mixail Saakaşvili həbs edildi və bu gün də əhaliyə məktubla müraciət edib. Onun xalqından tam olaraq gözləntisi nədir?
- Onun xalqından gözləntiləri referendumda maksimum şəkildə iştirak edib, səsini "Vahid Milli Hərəkat” Partiyasına verməsidir. Bütün insanlar bu mövzuda mübariz olmalıdır. Düşünürəm ki, bugünkü seçkilərin nəticəsi və əhalinin mübarizliyi sayəsində Saakaşvilinin yaxın zamanda həbsdən azad olunmasına nail olacağıq. Onun da məktubunda qeyd etdiyi kimi hər şey xalqın bugünkü seçiminə bağlıdır.
Söhbətləşdi: Turan Rzayev





