“44 günlük müharibə Avropa demokratiyasına baxışımı dəyişdi” - Novella Cəfəroğlu
Bundan sonra Azərbaycanın qarşısında duran ən mühüm daxili hədəflərdən biri insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasıdır.
Ötən illər ərzində Prezident İlham Əliyev 67 əfv qərarı imzalayıb və ümumilikdə 10 mindən çox məhbus azadlığına qovuşub. Bu ilin 8 noyabr tarixində - Azərbaycanda ilk dəfə qeyd ediləcək Zəfər günündə də daha bir əfv sərəncamının veriləcəyi gözlənilir.
Mövzu ilə bağlı Sfera.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu pandemiyanın dünyanın bir çox ölkəsində insan hüquq və azadlıqlarını ikinci plana saldığını dilə gətirdi:
"Söhbət heç də ölkəmizdən yox, dünyanın inkişaf edən ölkələrindən gedir. Ölkəmizdə isə bu sahədə görülən işlər göz qabağındadır. Son illərdə siyasi məhbusların azad edilməsi qazi və şəhid ailələrinə göstərilən qayğılar ölkəmizdə bu sahənin arzuolunan səviyyədə inkişaf etdiyini göstərir”.
Hüquq müdafiəçisi bu istiqamətində görülən işlərdən danışdı və insan hüquq və azadlıqları dedikdə təkcə siyasi məhbusların ağla gəlməməli olduğunu vurğuladı:
"Bu çox böyük məhfumdur. Misal üçün 44 günlük müharibə zamanı hər birimiz müharibənin sevinci qədər kədərini, ağrı, acılarını da yaşadıq. Müharibə sonrası qazi və şəhid ailələrinə göstərilən münasibət təqdirəlayiqdir. Düzdür, hər şey büsbütün mükəmməl olmasa da, dövlət bu sahədə işlər görür. Bizim özümüz belə bu sahədə müraciətlər, şikayətlər alır, aidiyyəti qurumlara müraciət edirik.
Düşünürəm, ölkə rəhbərliyinin bu sahədə gördüyü işlər daha çox intensivləşməli, xüsusilə siyasi məhbuslar məsələsində aktivlik artırılmalıdır. Düzdür, son illərdə siyasi məhbusların azad edilməsi, həbsdə olan bir çox insanın amnistiya və əfv fərmanları ilə azadlığa buraxılmasının şahidi oluruq. Lakin bu sahədə də görülməli işlər çoxdur".
N.Cəfəroğlunun sözlərinə görə, 44 günlük müharibə zamanı Qərbin insan hüquq və azadlıqları təşkilatlarının ölkəmizə sərgilədiyi haqsız mövqe onun Qərb demokratiyasına baxış bucağını dəyişib:
"Təəssüf ki, bu gün dünyaca tanınan və Qərbi Avropa ölkələri tərəfindən maliyyələşən təşkilatlar 44 günlük müharibədə ölkəmizə dəstək vermədiyi kimi, haqsız və ədalətsiz qərarlar verərək Ermənistanı müdafiə etdi. Bu və bu kimi hallar mənim Qərb demokratiyasına baxışımı dəyişdi.
Ümumiyyətlə, ölkəmiz bundan sonra insan hüquq və haqları sahəsində görəcəyi işləri başqa ölkələrə göstərmək üçün deyil, xalqımızın rifahı üçün etməlidir. Qərb onsuz da edilən işləri öz "prizmasından” görərək qərar verir”.
Turan Rzayev
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması







