Azərbaycanlılarla ermənilər Qarabağda birgə yaşaya bilərmi? - Açıqlama
Yaxın gələcəkdə ermənilərin Qarabağ ərazisində azərbaycanlılarla birgə yaşaması istisna edilmir. Bu məsələyə münasibət isə birmənalı deyil. Yaxın keçmişdə baş verənlər tərəflər arasında mütəmadi problemlərin yaşanacağını düşünmək üçün əsaslar yaradır.
Maraqlıdır, Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışı hansı halda mümkündür? Birgə yaşayış təmin olunduqdan sonra bu proses necə tənzimlənə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Lalə Mehralı ermənilərin Qarabağda yaşamaq istəyinin real olmadığını bildirib:
"Prezident hər dəfə çıxışında bildirir ki, ermənilər Qarabağda Azərbaycan qanunları çərçivəsində yaşaya bilər. Amma inanmıram ki, hansısa erməni dövlət atributlarımıza hörmət edib, qanunlarımıza tabe olaraq Qarabağda yaşamaq istəsin. Hesab edirəm ki, ermənilərin bir çox səbəbdən Azərbaycanda yaşamaq iddiası olmayacaq".
Sosioloq Qarabağda tərəflər arasında problemin yaranmasında ermənilərin maraqlı olduğunu qeyd edib:
"Onu da deyim ki, Qarabağda ermənilərlə azərbaycanlılar arasında problemin yaranması ermənilərdən asılıdır. Yəni Azərbaycan tərəfi problem yaratmaqda maraqlı olmayacaq. Heç bir vətəndaşımız erməni ailəsinə, qadınına və uşağına zərər verməz. Çünki biz elə mental dəyərlərlə böyüməmişik ki, qadın, uşaq hədəfimizdə olsun. Ermənilərin Qarabağda törətdiyi vəhşilikləri heç vaxt onlara qarşı törətməmiş. onlara hərb meydanında cavab vermişik. Onlarla bizim fərqimiz məhz bundadır. Lakin onlar hamını öz xislətləri ilə ölçdüyü üçün düşünmürəm ki, Qarabağda yaşamaq istəkləri olsun".Əzizə Zeynal
Sfera.az





