Qarabağ döyüşçüsü prezidentə müraciət etdi: “Məni həbs etmək istəyirlər”
İkinci Qarabağ müharibəsinin iştirakçısı prezidentə məktub ünvanlayıb.
Sfera.az xəbər verir ki, Göyçay rayonu, Çərəkə kənd sakini Əhmədov Elvin Əhmədağa oğlu barəsində əsassız iddianın irəli sürüldüyünü bildirərək, şikayətinin təmin olunmasını istəyib. Məktubda qeyd olunub ki, Vətən müharibəsi iştirakçısına qarşı rayonun müvafiq qurumları qərəz nümayiş etdirir.Sözügedən müraciəti təqdim edirik:
"Cənab Ali Baş Komandan, sizin uğurlu daxili və xarici siyasətiniz, yüksək sərkərdəlik məharətiniz və möhkəm iradəniz, qətiyyətiniz sayəsində 44 günlük Vətən müharibəsində zəfər qazandıq. Məhz buna görə sizə sonsuz minnətdaram. Müasir tariximizə qızıl hərflərlə yazılan bu qələbə ilə xalqımıza böyük sevinc bəxş etdiniz. Bu sevinc payında az da olsa mənim də xidmətim var. 44 günlük Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşularaq Qubadlının, Xankəndi rayonunun Sığnaq kəndinin, eləcə də digər rayonların işğaldan azad olunmasında can-başla döyüşmüşəm. Atdığım zərbələrlə Azərbaycan əsgərinin gücünü düşmənə hiss etdirmişəm. Bu mənim vətəndaşlıq borcumdur.
Göstərdiyim şəxsi igidlik və şücaətə görə tərəfinizdən 29 dekabr 2020-ci il tarixli Sərəncamla "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişəm. Lakin müharibədən döndükdən sonra, heç də xoş bir mənzərə ilə qarşılaşmadım. Belə ki, müharibəyə yollanmamışdan öncə mənim və ailə üzvlərimin xüsusi mülkiyyətində olan, qəzalı vəziyyətə düşmüş qurumuş əbrüşüm ağacını yandırmaq üçün kəsmişdim. Bu arada qeyd edim ki, yaşadığımız kəndə qaz verilsə də, maddi imkanımız olmadığı üçün yaşadığımız evə qaz xətti çəkə bilməmişik. Buna görə, evimizi isitmək üçün odundan istifadə edirik. Ağacın kəsilməsindən xəbər tutan Ekologiya idarəsi heç bir araşdırma aparmadan, eləcə də mənim müharibədə olmağımdan sui-istifadə edərək iştirakım olmadan akt tərtib edib, tədbir görülməsi üçün Göyçay rayon Polis şöbəsinə göndərmişdir. Polis şöbəsində barəmdə Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə cinayət işi başlanaraq, baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir.
Məhkəmənin hazırlıq iclasında müstəntiq tərəfindən bir sıra nöqsanlara yol verildiyi üçün cinayət işi məhkəmə tərəfindən geri qaytarılmışdır. Belə ki, istintaq zamanı ağacın kəsildiyi yerin kimin mülkiyyətində olması, cinayətin baş verdiyi vaxt dəqiq müəyyən edilməmiş, müharibədə olduğum müddət ərzində araşdırma aparılmış, ağac qurumuş vəziyyətdə olduğu halda, yaş kimi qeyd edilmiş, bu kimi digər nöqsanlara yol verilmişdir. Ən gülməli hal isə guya müharibədə olduğum müddət ərzində Göyçay rayon Polis şöbəsinə gələrək, izahat vermişəm. Hal-hazırda Göyçay rayon prokuroru, müstəntiq hər vəclə çalışır ki, həyətyanı sahəmdən kəsdiyim qurumuş birağaca görə məni həbsə atdırsın. Bunun üçün hətta Göyçay rayonu Çərəkə bələdiyyəsinə, AR Əmlak Məsələləri Dövlət Xidmətinin və AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertlərinə təzyiq edirlər ki, onlar desinlər ki, ağac bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən kəsilib və kəsilmiş ağac yaş olub. Çalışırlar Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış sorğuya cavab alsınlar ki, ağacın kəsildiyi ərazi Göyçay rayonu Çərəkə bələdiyyəsinin mülkiyyətidir.
Xahiş edirəm ki, belə haqsızlığa imkan verməyin. Mən gəncəm, istəmirəm kimlərinsə şəxsi marağına görə əsassız cinayət məsuliyyətinə cəlb edilib, həbs ediləm. Həbs edilsəm atam və anam acından öləcəklər. Çünki, onları məndən başqa himayə edən yoxdur. Evə yeganə qazanc gətirən şəxsəm. Fəhləliklə ailəmi dolandırıram. Polis şöbəsinə gedib-gəlməkdən normal fəhləliyimi edib, qazanc əldə edə bilmirəm. Bu günə kimi heç kimdən kömək istəyib, əziyyət verməmişəm. Və yaxud Qazi olmağımdan sui-istifadə etməmişəm. Bunu özümə ayıb bilmişəm ki, mən vətən üçün döyüşmüşəm, vətən uğrunda canından keçən döyüş yoldaşlarımdan artıq deyiləm. Amma indi çıxılmaz vəziyyətdə qalmışam. Ali Baş Komandan olaraq, hər bir müharibə iştirakçısının qayğısına qalıb, onların problemlərinin həllinə dərhal göstəriş verirsiniz. Məni həbs etmək istəyirlər. Odur ki, barəmdə əsassız olaraq başlanmış cinayət işini şəxsi nəzarətinizə götürməyinizi və əsassız başlanmış cinayət işinə xitam verilməsinə göstəriş verməyinizi xahiş edirəm".İnci
Sfera.az





