“İlham Əliyev Moskvaya müsbət siqnallar göndərdi” - Açıqlama
"Prezident İlham Əliyev Türkiyə mediasına müsahibə zamanı Moskvaya iki müsbət siqnal ötürüb".
Sfera.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. Politoloq prezidentin sülhməramlıların fəaliyyəti ilə bağlı münasibətinin Rusiyaya mesaj olduğunu bildirib:
"Prezident rus sülhməramlılarının fəaliyyətini qənaətbəxş adlandırdı. Halbuki öncəki çıxışlarında sərt mövqe sərgiləmişdi. Hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini açıqladı ki, bu da rusların regionun silah bazarında iştirak payının azalmasını istəmədiyindən irəli gəlir. İlham Əliyev Türkiyə mediasına müsahibəsində də Moskvaya müsbət siqnallar göndərdi. Kiçik problemlərin olmasına baxmayaraq, prezident sülhməramlıların fəaliyyətindən razılıq etdi”.
Politoloq Prezidentin Moskvanın İrəvanı yenidən silahlandırması ilə bağlı məsələni erməni təbliğatı adlandırmasını xatırladaraq bunları deyib:
"Bakı-Moskva arasında münasibətləri kifayət qədər yüksək qiymətləndirdi. Hər iki ölkənin mediasına verilən müsahibədə ortaq mövqe birdir: münaqişə həll olunub, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilər Azərbaycan ərazisidir və orada yaşan ermənilər Azərbaycan vətəndaşıdır".
Ekspert Bakının Ərdoğan-Putin görüşündən gözləntilərinin olduğunu qeyd edib:
"Bu fikirlərin Soçidə Ərdoğan-Putin görüşündən öncə bildirilməsi Bakının görüşlə bağlı gözləntilərindən irəli gəlir və Rusiyaya müsbət mesajlar verən prezident mövqeyini yenidən gündəmə gətirir. Görüşdə 10 noyabr razılaşmasıın icrası, "altılıq platforması”, Qarabağdakı vəziyyətin də müzakirə ediləcəyi istisna deyil. O da istisna deyil ki, Ərdoğan Əliyevin Qarabağla bağlı mövqeyini masaya daşıyacaq. Bu gözləntilər fonunda Əliyevin Qarabağdakı ermənilərə yarada biləcəyimiz şəraitdən danışması təsadüfi deyil: rəsmi Bakı Azərbaycan sərhədləri daxilində yaşan ermənilərlə bağlı proqramını şifahi formada təqdim edir.
Ərdoğan bu gün müharibənin başlanmasının ildönümü münasibətilə Əliyevə zəng etdi: hərçənd, liderlər həm də Soçi görüşündən öncə "saatlarını yoxlayır”, müzakirə detalları dəqiqləşdirir".Əzizə Zeynal
Sfera.az





