Rusiya sülhməramlılarını 5 ildən sonra da Qarabağdan çıxarmayacaq? – “Yevseyin açıqlaması təxribatdır”
"Belə açıqlamalar tamamilə təxribatçı mahiyyət kəsb edir”.
Bu sözləri Sfera.az-a açıqlamasında rusiyalı hərbi ekspert Vladimir Yevseyevin Moskvanın 5 illik müddət başa çatandan sonra da Qarabağdan sülhməramlıları geri çəkmək niyyətində olmadığı barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən, Milli Məclisin deputatı Elman Nəsirov deyib:
"Bu sayaq açıqlamalar 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərfli sənədin mahiyyət və məzmununa daban-dabana ziddir. Sənəddə qeyd olunub ki, 5 illik müddət bitəndən sonra tərəflərdən hər hansısa biri etiraz etmədiyi təqdirdə, sülhməramlıların fəaliyyəti daha 5 ilə qədər uzadıla bilər. Etiraz edildikdə isə, daha 5 il müddətinə uzadılmayacaq. Söhbət hüquqi dövlətdən, beynəlxalq hüquqa hörmətdən gedirsə, məsələyə bu cür yanaşılmalıdır”.
Deputat qeyd edir ki, belə bəyanatlar məsuliyyətsizlikdən irəli gəlir və Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək istəyən ermənipərəst dairələrin əlində alətə çevrilən müəyyən dairələrin niyyətidir: "Yevseyev də anti-azərbaycan təbliğatı ilə məşğuldur, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən bəyanatlar verib. Onlar arzu edirlər ki, hadisələr məhz dedikləri bu istiqamətdə inkişaf etsin. Amma yeni reallıqda bu qeyri-mümkündür”.Elçin






