Logo

Dövlət qurumlarının ləngliyi informasiya təhlükəsizliyimizi təhdid edir - Açıqlama

Dövlət qurumlarının ləngliyi informasiya təhlükəsizliyimizi təhdid edir - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə, Qarabağda baş verən proseslərlə bağlı məlumatları erməni mətbuatından əldə edirik. Məsələn, Gorus-Qafan yolunun bağlanması, əsirlərinin dəyişdirilməsi ilə bağlı məlumatı təəssüf ki, aidiyyatı dövlət qurumlarından öncə erməni mediasından öyrənməli olduq.

Rəsmi qurumların susması, ilkin mənbə olaraq mediaya bu mövzularda yardım etməməsi isə öz növbəsində jurnalistlər tərəfindən mənfi qarşılanır.

Maraqlıdır, bəzi dövlət qurumlarının media ilə bu şəkildə işləməsinə, məlumatların gizli saxlamasına səbəb nədir? Jurnalistlərlə iş hansı şəkildə təşkil olunmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a danışan media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli ölkə mətbuatında erməni mediasına qarşı inamın formalaşmasının qarşıda böyük problemlərlə nəticələnə biləcəyini deyib:

"Dövlət qurumları şəffaf olmalıdır və adekvat, sürətli informasiya yaymalıdır ki, dezinformasiya yayılmasın. Bu, həm də hökumətin etimadı məsələsidir. Çünki öz mediamız ilkin mənbədən daha erkən məlumat yayarsa, düşmən dezinformasiyasının da qarşısnı almış olarıq. Lakin indi biz əksər vaxtlarda düşmən mediasına möhtac qalıb, ondan istifadə edirik. Son günlər ardıcıl olaraq gördük ki, erməni mətbuatında yayılan informasiyalar həqiqətə uyğundur. Lakin elə ola bilər ki, erməni mediası Azərbaycan cəmiyyətini manipulyasiya etmək üçün elə bir xəbər ötürər ki, bu, Azərbaycanda ciddi problem yaradar. Yəni, bu məsələ həm də dövlət təhlükəsizliyi məsələsidir".

Ekspert dövlət qurumlarının məlumatları operativ ötürməklə bağlı məsuliyyətinin olduğunu bildirərək, milli təhülkəsizlik üçün öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini qeyd edib:

"Bütün dövlət qurumlarının informasiya siyasəti ilə bağlı məsuliyyəti, hüquqi öhdəliyi var. Bundan başqa bu, həm də siyasi məsuliyyətdir ki, siz dövlət qurumu olaraq ölkə cəmiyyətini manipulyasiya edən məlumatlar barədə susqun qalsanız, bu milli təhlükəsizlik üçün gələcəkdə böyük təxribat yaradacaq. Bu baxımdan dövlət qurumları həm hüquqi öhdəliklərini, həm də siyasi öhdəliklərini dərk edərək Azərbaycan mediası ilə operativ işləməlidirlər. Yəni, aidiyyatı qurumlar hansısa hadisə olarsa, özləri ilkin mənbə kimi məlumatı ictimaiyyətə ötürməlidirlər".

Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR