Ermənistan ehtiyatdakı əsgərləri hərbi təlimə çağırdı – Müharibə anonsu?
Ermənistan hökuməti ehtiyatda olan əsgərlər və zabitlərin növbəti qismi üçün 3 ay müddətində - 15 sentyabr - 15 dekabr 2021-ci il tarixləri arasında təlim keçirilməsi haqqında fərman verib. Bundan öncə də, Ermənistan Müdafiə Nazirliyi avqustun 25-də ehtiyatda olanların təlim-məşq toplanışının dörddə birinin başladığını və noyabrın 25-də başa çatacağını açıqlamışdı.
Maraqlıdır, qarşı tərəf bu toplanışlarla nəyə hazırlaşır?
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Ermənistanın müharibədə məğlub olmuş, darmadağın edilmiş və texnikası məhv edilmiş ordusunun olduğunu xatırladıb:
"Ermənistanın bir dövlət kimi öz ordusunu formalaşdırması, bərpa etməsi təbii prosesdir, buna normal yanaşmaq lazımdır. O ki qaldı, səfərbərliklə bağlı toplantılara, bu da normal haldır. Bilirik ki, müharibə zamanı Ermənistan səfərbərlik elan etsə də, resursları yığılmamışdı – fərrarilik edilmişdi və.s. Bu, müharibə anonsu deyil.
Bu gün Ermənistan hətta revanşist ideyalarla hansısa addım atmaq istəsə, aydındır ki, onların özü üçün faciə ilə nəticələnəcək. Bu haqda artıq prezident İlham Əliyev də dəfələrlə xəbərdarlıq edib. Azərbaycanın heç bir işğalçı niyyəti yoxdur və torpaqlarımızın hər qarışına görə düşmənə cavab verməyə hazırıq”.
Müsahibimiz hazırda sözügedən məsələ ilə bağlı cəmiyyətdə narahatlıqların olduğunu və hər kəsin Ermənistanda ordu quruculuğu istiqamətindəki prosesləri diqqətlə izlədiyini vurğulayıb:
"Bizim heç bir düşmənimiz yoxdur, sadəcə Ermənistanla hələ də müharibə şəraitindəyik. Fikrimcə, çox zaman keçməmiş Ermənistanı masa arxasında oturmağa və sülh müqaviləsi imzalamağa vadar edəcəyik. O da bir dövlət kimi öz ordusunu qursun, səfərbərlik resurslarını hazırlasın, ancaq bizimlə işi olmasın və olmayacaq da. Olsa belə, bir dəfə sözümüzü demişik, lazım olar, ikinci dəfə də deyərik”.Günay Rəsulqızı






