Əfqanıstanda toqquşan maraqlar - Hansı ölkələr mübarizəyə qoşulacaq?
"Moskva və Pekin ABŞ-ın Əfqanıstanda müflisləşməsini və fiaskosunu arzulayırdı və hər ikisinə nail olundu”.
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, ABŞ-ın Əfqanıstanda xərclədiyi yüz milyardlarla dollar nəticə vermədi və amerikalı hərbçilərin sürətli qaçışı superdövlətin imicinə mənfi təsir etdi:
"Bəziləri hətta sual edir ki, Amerika və NATO qüvvələri 20 ildə Əfqanıstanda nəticə əldə etməyərək hakimiyyəti mübarizə apardıqları terrorçu təşkilata təhvil veriblərsə, Şimali Atlantika Bloku kimə və nəyə lazımdır? ABŞ-la yanaşı, Avropa İttifaqı da Əfqanıstan məsələsində Rusiya və Çindən şübhələnir. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel bildirib ki, Avropa İttifaqı Rusiya və Çinə Əfqanıstan üzərində nəzarət götürməyə imkan verməməlidir: "Moskva və Pekinə Kabulun sponsoru olmağa imkan verməməliyik”.
Borellə yanaşı, digər avropalı rəsmilər də hesab edirlər ki, Moskva və Pekin Əfqanıstandakı siyasi vakuumu doldurmağa çalışacaqlar. Bu arada, Avropa İttifaqı Əfanıstanla bağlı ABŞ və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Türkiyə, İran, Pakistan və Hindistanla da dialoq aparacağını bəyan edib. Çünki bu ölkələrin də Əfqanıstandakı hadisələrə təsir gücü var”.
Politoloq qeyd edib ki, Moskva və Pekin Brüsselin yanaşmasından narazıdır:
"Onlar hesab edirlər ki, Qərb əvvəlki kimi özündən uzaq ölkələri Qərb standartlarına tabe etdirmək istəyir və bu, heç bir nəticə vermir. Moskva və Pekin bununla demək istəyirlər ki, Qərb Avsrasiya bölgəsinə demokratiya gətirə bilməyəcək. Onların məntiqinə görə, Avrasiya ölkələrini rahat buraxmaq lazımdır.
Bu nə deməkdir? Yəni Qərb Avrasiya bölgəsindəki proseslərə qarışmasın, avtoritar rejimlərə toxunmasın, terrorçularla mübarizə aparmasın, insan haqlarının bərpasına çalışmasın. Bu məntiqlə əgər Taliban gələcəkdə də Əfqanıstanı qapalı ölkəyə çevirib sərt qanunlarla idarə edəcəksə, buna qarışmaq lazım deyil, qoy bildiklərini etsinlər. Bu "məntiqin” arxasında Rusiya və Çinin Əfqanıstandakı maraqlarının təminatı dayanır ki, buna Qərb ölkələri tamaşaçı qalmayacaqlar”.
Günay Rəsulqızı
Sfera.az






