“Qriqoryanın bu cür bəyanatlar səsləndirməsi...” – Müharibə yenidən başlayır?
"Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Azadlıq” radiosuna sonuncu müsahibəsində səsləndirdiyi fikirlər təəccüblü deyil. Çünki Ermənistanda yaranmış vəziyyət elə bu fikirlərin deyilməsini diktə edirdi”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, İkinci Qarabağ savaşından sonra Ermənistanda istər cəmiyyət, istərsə də hakimiyyət daxilində ziddiyyətlər dərinləşməyə başlayıb:
"Bu, həm də hakimiyyətlə cəmiyyət arasında qarşıdurmanı sürətləndirdi. Eyni zamanda hakimiyyətlə müxalifət arasında oxşar proseslər müşahidə edildi. Bunlarla yanaşı, ölkədə hakimiyyət içində olub xarici mərkəzlərə işləyən qüvvələrin sayı çoxalmağa başladı və baş verənlər proseslərin zaman-zaman axarından çıxmasına, məcrasını dəyişməsinə, kənar dövlətlərin təsir imkanlarının daha da genişlənməsinə şərait yaratdı. Bu tendensiyalar artan xətt üzrə davam edir.
Həm Ermənistan-Azərbaycan dövlət sərhədində, həm də rus sülhməramlı qüvvələrinin müvəqqəti fəaliyyət göstəridiyi Qarabağ ərazisində qeydə alınan atəşkəsin pozulma halları, bunun mütəmadi xarakter daşıması göstərir ki, Ermənistan cəmiyyətində narazılıqlar daha da böyüməkdədir. Baxmayaraq ki, Paşinyan yenidən böyük səs çoxluğu ilə hakimiyyətə qayıtdı, amma problemləri çoxdur. Eləcə də, Paşinyan komandasının üzvü olan Armen Qriqoryanın”.
Müsahibimiz qeyd edib ki, Qriqoryanın bu cür bəyanatlar səsləndirməsi Ermənistan hökuməti daxilində problemlərin qaldığının dolayı yolla etirafıdır:
"Onlar atəşkəsi yenə pozarlarsa, bu dəfə artıq vəziyyət daha gərgin ola, yeni anti-terror əməliyyatları başlaya bilər. Bu da Ermənistanın məhvini sürətləndirər. Ona görə də ermənilər özlərinin yaratdığı vəziyyətə görə həyəcan təbili çalmağa başlayırlar. Baş verən prosesləri öz üzərlərindən atmaq üçün bu cür informasiyalar yaymağa çalışırlar. Söylədikləri fikirdən aydın olur ki, Paşinyan artıq baş verən proseslərə nəzarət edə bilmir. Hesab edirəm ki, bu cür hallar gələcəkdə qarşıdurmanın böyüyəcəyindən xəbər verir”.
Xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində regionda yeni müharibə riskinin olduğunu təsdiqləyib.Günay Rəsulqızı






