“Köçəryan meydanda edə bilmədiyi təxribatları parlamentə gətirib” - Politoloq
"Ermənistanın parlament iclasları bu formada gərginliklə davam edəcək”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bu gün deputatlar arasında yaranan gərginlikdən danışarkən deyib.
O həmçinin qeyd edib ki, eks-prezident Robert Köçəryanın blokunun da parlamentdə yer alması iclasların reqlamentini pozmaq və dava salmaqla ümumi gedişata təsir etmək məqsədi daşıyır:
"Ermənistan parlamentində müxalif fraksiyasının rəhbəri sabiq müdafiə naziri Seyran Ohanyan və digər müxalifət deputatlar hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinə qarşı hücum edib. Demək olar ki, parlament döyüş meydanına çevrilib.Elə bir vəziyyət yaranıb ki, iclas zalının arxasında hərbçilər dayanır və əlbəyaxa davalara müdaxilə edilir. Düşünürəm ki, bundan sonra hətta müxalif deputatların zaldan kənarda silaha əl atması da mümkündür”.
Politoloq bildirib ki, Robert Köçəryan meydanda edə bilmədiyi təxribatları parlament zalına gətirib və bu, hökumətin işinə mane olmağı hədəfləyir.
Xatırladaq ki, bu gün səhər saatlarında hakim "Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hayk Sarkisyanın çıxışı zamanı Ermənistan parlamentində vəziyyət yenidən son dərəcə gərginləşib. Sözügedən deputat vətəndaşların pul, yaxid tanışlıq müqabilində ordudan yayınmalarına vasitəçilik edən müdafiə nazirlərini xəyanətkar adlandırıb.
Bu sözlər müxalif millət vəkillərini qəzəbləndirib və onlar Sarkisyana butulka atıblar. Bundan sonra salonda qarışıqlıq yaranıb və dava-dalaş başlayıb.Günay Rəsulqızı






