Logo

Ermənilər Qazaxın 7 kəndini boşaldır – Təhvil verirlər, yoxsa müharibəyə hazırlaşırlar?

Ermənilər Qazaxın 7 kəndini boşaldır – Təhvil verirlər, yoxsa müharibəyə hazırlaşırlar?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlərin əsas müzakirə mövzularından biri Ermənistanın Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsidir. Bununla bağlı Tavuş qubernatoru Hayk Galumyanın ötən günlərdə qərar qəbul etdiyi bəllidir.

Bu istiqamətdə müxtəlif iddialar irəli sürülür. Bir qism qeyd edir ki, bu addım toqquşmanın yeni istiqamətini göstərir. Digərləri isə bunu Qazaxın işğalda olan kəndlərinin qaytarılmasına hazırlıq prosesi kimi qiymətləndirir.

Politoloq Turan Rzayev mövzu ilə bağlı Sfera.az-a açıqlamasında xatırladıb ki,  44 günlük müharibə sonrası 10 noyabr bəyanatında müvafiq bənddə Qazaxın 7 kəndi, eyni zamanda Naxçıvanın Kərki kəndinin də Azərbaycana qaytarılmalı olduğu qeyd edilib:

"Bu ərazilər də müharibə zamanı işğal edilmiş ərazilər sayılır. Bu mənada proses hətta gecikib. Görünür, məsələnin uzanması Azərbaycan rəhbərliyində müəyyən narahatlıqlar yaradır. Xüsusilə ölkə başçısının son zamanlar Ermənistan və Azərbaycan dövlət sərhədində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən ermənilərin mütəmadi olaraq atəşkəsi pozmasına verdiyi reaksiyalar, bəyanatlar da onu deməyə əsas verir ki, bu gün Qazaxın qeyd olunan kəndlərinin qaytarılması istiqamətində ciddi işlər görülür.
 
Bunun müharibə və ya diplomatik yolla həll edilməsinə gəldikdə isə, bu gün Ermənistanın müharibə etmək üçün hərbi gücü yoxdur. Düzdür, biz vaxtaşırı Ermənistanın təxribatlara yol verdiyini görürük, lakin bunun üçün kifayət qədər güclü orduya ehtiyac yoxdur, bunu kiçik birliklərlə də etmək mümkündür”.

Müsahibimiz bildirib ki, Azərbaycan tərəfi istənilən halda müharibəni axırıncı variant kimi diqqətdə saxlayır:

"Amma məsələlərin həllinə diplomatik səylər göstərilir. Bu addımlar işə yaramazsa, həmin ərazilərin hərbi yolla ələ keçirilməsi məsələsi gündəmdədir. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi yoxdur. Digər tərəfdən Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ işğal altındadır. Bu, faktiki müharibə vəziyyətinin davamı deməkdir. Azərbaycan bunu əsas gətirərək həmin ərazilərə hər an qoşunlarını yeridə bilər. 10 noyabr bəyanatı yekun sülh müqaviləsi deyil, bu sadəcə atəşkəs razılaşması mahiyyətlidir. Təbii ki, Ermənistan tərəfi ağıllı davranıb, öz xoşu ilə sözügedən əraziləri geri qaytarsa, bu onlar üçün daha yaxşı olardı. Azərbaycan üçün isə iki variant da məqbuldur və bu istiqamətdə həm siyasi, diplomatik, həm də hərbi gücü mövcuddur”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR