Logo

Cəbhədəki təxribatların intensivləşməsi nə ilə bağlıdır? - Politoloq

Cəbhədəki təxribatların intensivləşməsi nə ilə bağlıdır? - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Qarabağda hücum cəbhəsini genişləndirir. Şuşa, Kəlbəcərdən sonra ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən ordumuzun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Maraqlıdır, təxribatların intensivləşməsində ermənilərə təkan verən nədir?

Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında xatırladıb ki, ermənilər son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozur və bir qayda olaraq, məsuliyyəti yenə Azərbaycan tərəfinin üzərinə qoymağa cəhd edirlər:

"Qarşı tərəfin indiki şəraitdə fəallaşması maraq doğurur və bunu bir neçə istiqamətdə izah edirlər. Bəzi siyasətçilər hazırkı status-kvodan razı qalmayan və revanşizmə meylli qüvvələrin bu hadisələrdə əli olduğu barədə fikir bildirir, bəziləri isə Paşinyana müxalif qüvvələrin onun apardığı siyasəti pozmaq cəhdi kimi qiymətləndirirlər.

Düşünürəm ki, erməni hərbçilərinin fəallaşmasının Fransa prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin "fəallaşması” ilə üst-üstə düşməsi  sərhəddə baş verən hadisələrə birbaşa təsir edir. Bu hər iki erməni havadarı Azərbaycan-Ermənistan arasında vəziyyətin gərgin olaraq qalmasında maraqlıdırlar. Rusiya qarışıqlıqdan istifadə edərək Ermənistanı özünə daha çox bağlamaq, öz hərbçiləri və sülhməramlılarının statusunu daha da genişləndirmək məqsədi güdür”.

Müsahibimizin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun dondurulmuş fəaliyyətinin buzunu əritmək istəyir:

"Onun bu marağı göründüyü kimi heç də Rusiyanın marağı ilə üst-üstə düşmür. Çünki ATƏT-in Minsk qrupunun fəallaşması Rusiyanın fəaliyyətinin zəifləməsi ilə müşayiət oluna bilər ki, bu da Rusiyanın həzm edə bilməyəcəyi haldır. Digər tərəfdən, hər iki dövlət Əfqanıstanda baş verən hadisələrin əks –sədasının bizim regiona da gəlib çıxmasından narahatdırlar. Onlar Talibanın hakimiyyətə gəlməsi nəticəsində yaranan hərc-mərclik, Pakistan və Türkiyənin mövqelərinin möhkəmlənməsindən ehtiyat edirlər.

Çünki Azərbaycana qardaş və dost olan bu ölkələrin güclənməsi elə Azərbaycanın bütün sahələrdə olduğu kimi  Azərbaycan-Ermənistan cəbhəsində də güclənməsinə birbaşa təsir edəcək. Bu şəraitdən istifadə edən  Azərbaycan öz torpaqlarını işğaldan azad etmək missiyasını davam etdirə bilər. İstənilən halda, cəbhədə atəşkəsi pozmaqda maraqlı olan qüvvələrin güddükləri  məqsədlərindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün bundan sonra da ən yüksək səviyyədə qorunmasında tələb olunan bütün tədbirləri görəcək”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR