Logo

Rusiya Çinlə birgə hərbi təlimlərə başladı – Kimə qarşıdır?

Rusiya Çinlə birgə hərbi təlimlərə başladı – Kimə qarşıdır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin və Rusiya silahlı qüvvələri Çinin şimalındakı Ninqskia Huy Muxtar Bölgəsində birgə hərbi təlimlərə başlayıb. Çin rəsmiləri bildirib ki, əməkdaşlıq daha da güclənəcək.

Maraqlıdır, Rusiya - Çin yaxınlaşmasına səbəb nədir? Xüsusilə ABŞ-la Çinin münasibətlərinin gərgin olduğu bir vaxtda belə addımın atılması nədən irəli gələ bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Rusiya-Çin birləşməsinin Çinlə sərhəd dövlətdə qatı islamçı qüvvələrin hakimiyyətə gəlməsi təhlükəsindən irəli gəldiyini bildirib:

"Çin ilə Rusiyanın hərbi sahədə əməkdaşlığı haqqında uzun zamandır ki, müxtəlif məlumatlar gündəmi zəbt edirdi. Çin-Amerika və Rusiya-Amerika arasında münasibətlər gərginləşdikcə bu məlumatların intensivliyi daha da artırdı.Ona görə də Çin və Rusiya silahlı qüvvələrinin Çinin şimalındakı Ninqskia Huy Muxtar bölgəsində birgə hərbi təlimlərə başlaması haqqında məlumatlar heç də təəccüblü qarşılanmadı. Dünya ictimaiyyəti bu xəbəri eşitməyə hazır idi. Rusiya və Çin siyasi rəhbərliyi birgə hərbi təlimlər keçirmək haqqında uzun müddətdən bəri razılaşmış kimi görünürdülər. Amma bunun üçün tutarlı səbəb yox idi və səbəbsiz birgə hərbi təlimlərin keçirilməsi Amerika Birləşmiş Ştatları tərəfindən ona qarşı yönəlmiş açıq təhdid kimi başa düşülə bilərdi.

Amerika Birləşmiş Ştatlarının Əfqanistandan qoşunlarını çıxarması və bununla həm Rusiya və həm də Çinin sərhədində yerləşən ölkədə qatı islamçı qüvvələrin hakimiyyətə gəlməsi təhlükəsi bu ölkələri birgə təlimə başlamağa məcbur etdi.

Təlimlərə piyada və hava qüvvələri cəlb olunub və onun keçirildiyi rayon Əfqanistanla sərhəddə və Çinin uyğurlar yaşayan bölgəsində yerləşir və bu da Çinin sərhədin o biri üzündə gedən hadisələrdən ciddi narahat olduğunu ifadə etmək üçün əlverişli səbəbdir".

Politoloq ABŞ-ın Əfqanıstandakı boşaldılmış mövqelərinin Rusiya və Çin hərbi birləşmələri tərəfindən doldurulacağını deyib:

"Rusiya və Çin rəsmilərinin təlimlər haqqında verdiyi məlumata görə, məqsəd iki ölkə hərbçiləri arasında terrorizmə qarşı birgə mübarizə aparmaq təcrübəsinə yiyələnmək və qoşun birləşmələrini birgə hərəkət etmək istiqamətində hazırlamaqdan ibarətdir.

Təlimlərin həqiqətən Əfqanıstan baş verən son hadisələrlə bağlılığı heç kim tərəfindən inkar olunmasa da Rusiya və Çin hərbçilərinin bu qədər yaxınlaşmasının uzaq gedən siyasət güddüyünü proqnozlaşdıranlar da yanılmırlar. Ən azından Əfqanıstanda Amerika tərəfindən boşaldılan mövqelərin Rusiya-Çin hərbi birləşmələri tərəfindən tutulacağı artıq reallıq kimi görünür.

Bu əməkdaşlığın yaxın gələcəkdə Amerikanın Çin və Rusiyaya qarşı iddia və hərəkətlərinə qarşı sədd rolu oynayacağı da istisna olunmur. Rusiya və Çin beynəlxalq münasibətlər sahəsində yeni bir koalisiyanın formalaşmasına doğru gedir. Koalisiyalar tarix boyu heç vaxt səbəbsiz və məqsədsiz yaradılmayıb. Çox çəkmədən Rusiya-Çin tandeminə Amerikadan narazı olan digər dövlətlərin də qoşulacağı istisna olunmur.Yaxın on ildə dünyanı idarə etmək iddiasında olan dövlətlər arasında qüvvələr balansının ciddi şəkildə dəyişəcəyi artıq hamı qəbul olunmaqdadır".

Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR