Bakı və İrəvan arasındakı danışıqlara ümidvarıq - Zaxarova
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya XİN-in Qarabağda gərginliyin artmasını narahatlıqla qarşıladığı diqqətə çatdırılıb: "Bunlar dialoqu yoluna qoymağa mane olur, iki ölkənin əsassız itkilərinə səbəb olur. Yeri gəlmişkən, sərhəddəki insident zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istərdik. Bu kimi məsələlər yalnız siyasi yollarla həll olunmalıdır. Vacib məqam sərt bəyanatlardan vaz keçməkdir. Əminik ki, gərginliyi azaltmağın etibarlı yolu sərhədlərin təcili olaraq delimitasiyasına başlamaq, sonra isə demarkasiyasını həyata keçirməkdir. Rusiya tərəfi dialoq üçün bir sıra sənədlər hazırlayıb”.
Azərbaycan, Ermənistan, Rusiya liderlərinin görüşlərini şərh edən Zaxarova aparılan danışıqlarda regiondakı vəziyyətin əsas yer tutduğunu vurğulayıb. O deyib ki, ölkə rəhbərləri ən əlverişli həll variantlarını tapmaq əzmində olduqlarını, qan tökülməsinə son qoymuş razılaşmaları ardıcıl və hərtərəfli şəkildə yerinə yetirməyə tam sadiq olduqlarını bildiriblər.
Bundan əlavə, bir neçə dəfə müzakirələr aparmış üçtərəfli işçi qrupun fəaliyyətinə də diqqət yetirilib: "İşçi qrupun yaxın vaxtlarda iclaslarına davam edəcəyinə inanırıq. Bu da həm Azərbaycanın, həm Ermənistanın, bütövlükdə Cənubi Qafqazın mənafeyinə uyğun olacaq birgə infrastruktur layihələrinin mərhələli şəkildə icrasına başlamaq imkanı yarada bilər”.






