Azərbaycanlılar dincəlmək üçün hansı ölkələri seçir? – “Adətən 5 ulduzlu otellərə üstünlük verilir”
Yay fəsli ilə əlaqədar insanlar istirahət üçün müxtəlif ölkələrə üz tutur. Azərbaycandan da mövsümü xaricdə keçirənlər az deyil.
Maraqlıdır, hazırda azərbaycanlılar istirahət üçün hansı ölkələrə üz tuturlar və hansı otellərdə qalmağa üstünlük verirlər?
Sfera.az bununla bağlı turizm şirkətləri arasında sorğu keçirib.
"Selfie Travel”dan saytımıza verilən məlumata görə, hazırda azərbaycanlıların daha çox üz tutduğu ölkə Türkiyədir: "Bu istiqamət açıq və aktualdır. Antalya, Bodrum, Quşadası, Fəthiyə kimi şəhərləri seçənlərin sayı çoxluq təşkil edir. Bunlar arasında isə əsasən Antalya ilk seçim olur. Həmin şəhərdə "Granada Luxury Belek” otelini bəyənirlər, Bodrum istiqamətində qiymət baxımından "Duja Bodrum”u tərcih edirlər. Ümumiyyətlə isə otellər çoxdur, təbii ki, fərqli qiymət və zövqlərə uyğun olaraq. Azərbaycanlıların 99 faizi 5 ulduzlu otellərə üstünlük verirlər”.
"Avantage Tourism” şirkətindən satımıza bildirilib ki, azərbaycanlıların hələ ki tək seçimi Antalya şəhəridir: "O cümlədən Bodruma getmək istəyənlər də kifayət qədərdir. Otel olaraq isə seçimlər müxtəlifdir, lakin əsasən bunlar 5 ulduzlu olur. Başqa ölkələrə üz tutanlar isə yoxdur”.
"Tac Tourism” şirkətinin nümayəndəsi isə deyib ki, hazırda quru sərhədlər bağlı olduğuna görə, vətəndaşlarımız Gürcüstana gedə bilmir: "Amma normal vaxtlarda bu ölkəyə gedənlər daha çox olurdu. Hazırda isə Türkiyənin Antalya şəhərində 4 ulduzlu otelləri seçənlər var. Təbii ki, fərqli istiqamətlərə uçuşlar da mövcuddur – Dubay, Misir və.s. Lakin bununla bağlı saylar da azlıq təşkil edir. Otellərin sayı isə çox olduğuna görə, konkret hansısa ad çəkmək mümkün deyil”.
"Delta Group Travel Agency”dən verilən məlumata görə, hazırda Türkiyə və Misir turları daha aktivdir: "Orta təbəqə daha çox Türkiyəyə üstünlük verir. Otellərə gəldikdə isə, Antalyada "Orange Line”, Misirdə "Rexus” adlı otel daha məşhurdur”.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov da saytımıza açıqlamasında hazırda seçimlər arasında Türkiyənin populyar olduğunu deyib:
"Antalya, Bodrum istiqaməti daha məşhurdur. Birbaşa reyslərin olması, "hər şey daxil” sistemi, eyni zamanda dil baryerinin olmaması səbəbindən yerli turistlər daha çox ora üz tuturlar. Bununla bağlı ailə turizmin də daha populyar olduğunu demək olar. Yəni ailəvi gedənlər çoxluq təşkil edir. Pandemiya dövründə məsələn, Avropa ölkələri sərhədlərini bağlı saxlayırlar. Bundan əvvəl, vətəndaşlar həmin ölkələrə üstünlük versələr də, indi səfər mümkün deyil. Otellərin sayı isə çox olduğuna görə, konkret hansının daha məşhur olduğunu demək olmur. Bələkdə, Kəmərdə, Antalyada müxtəlif otellər mövcuddur”.Günay Rəsulqızı






