Rəsmi Bakı Minsk Qrupundan niyə imtina etmir? – “Proses tam başa çatmayıb”
"Azərbaycan bu formatdan imtina etmir, amma onun hörmətə minməsinə də imkan vermir”.
Bu sözləri Sfera.az-a açıqlamasında 44 günlük müharibə bitəndən bəri ATƏT-in Minsk qrupuna daha ehtiyac olmadığından danışsaq da, hələ də bu formatdan rəsmən imtina etməməyimizin səbəblərindən danışarkən, QAFSAM sədri Araz Aslanlı deyib:
"Minsk prosesi başlayanda məqsəd bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanla Ermənistan arasında yaranan münaqişənin tam, uzunmüddətli və köklü həllinə nail olmaqdan ibarət idi. Minsk konfransı keçirilməli idi, amma bu baş tutmadı. Minsk qrupu məqsədə çevrildi. Artıq Azərbaycan münaqişənin Minsk formatından kənar qismən həllinə nail olub. Tam olaraq isə hələlik həll olunmayıb. Hələlik bütün ərazilər üzrə suverenliyimizi bərpa etməmişik”.
Politoloq qeyd etdi ki, Azərbaycan sadəcə beynəlxalq hüquqa zidd format və təklifləri qəbul etmir:
"Minsk formatından birdəfəlik ona görə imtina edilmir ki, Azərbaycan münaqişənin həllinə nail olmaq, Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsi olması üçün bütün imkanlardan istifafə edilməsinə tərəfdardır. Amma bütün imkanlardan istifadənin özü də beynəlxalq hüquqa uyğun olmalıdır. Yəni, Azərbaycan beynəlxalq hüquqa zidd format və təklifləri qəbul etməsə də, formatlardan heç vaxt tam imtina etməyib. Ölkəmizin mövqeyi hətta 0,1 faiz töhfəsi ola biləcək formatlardan imtina etməməklə bağlıdır. Bu cür yanaşma əsasən doğrudur. Minsk qrupunun həmsədrləri nəyisə Azərbaycana zorla qəbul etdirməyə çalışsa, buna "yox” deyəcəyik və deyirik də. Eyni zamanda onu da nəzərə alırıq ki, həmsədr ölkələr BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biridirlər”.
Aslanlı bildirdi ki, indiki halda formatdan imtina etmirik, lakin onun ağırlıq dərəcəsini 44 günlük müharibədə hansı səviyyəyə salmışıqsa, həmin səviyyədə də saxlamağa, yuxarı qalxmasına imkan verməməyə çalışırıq:
"Düşünürəm ki, hələlik bu səviyyəni saxlamaq lazımdır. Minsk qrupunun iş üçün yaramadığı mənəvi və siyasi baxımdan doğru tələbdir, amma hüquqi baxımdan həmin formatı təkbaşına yaratmamışıq, ATƏT yaradıb. Nə qədər ki, proses tam başa çatmayıb yəqin ki, Minsk formatı da qalacaq”.Rüfət SULTAN






