Daha hansı karantin qadağaları ləğv olunacaq? – Deputatdan açıqlama
Son qərara əsasən, metro hər gün işləsə də, həftəsonları ictimai nəqliyyatların fəaliyyətinə icazə verilmir. Lakin metroların fəaliyyəti də müvəqqətidir – qərar iyulun 1-nə qədər keçərli olacaq. Digər tərəfdən isə günlük yoluxma sayında azalma müşahidə edilir.
Maraqlıdır, həftəsonları avtobusların fəaliyyətinə nə zaman icazə veriləcək? Azərbaycanda daha hansı yumşalma tədbirlərinə gedilməlidir?
Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlamasında deyib ki, COVİD-19 infeksiyasına yoluxmalarda kəskin azalmalara nail olmağımız tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasına imkan verib:
"Bir çox sahələr pandemiyanın tələblərini gözləməklə fəaliyyətlərini bərpa edib. Bununla yanaşı, bir sıra məhdudiyyətlər hələ də qüvvədə qalır. Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması və toyların keçirilməsinə tətbiq olunmuş qadağalar bu sıradadır. Bu gün bir çox sahələrin fəaliyyətlərinin bərpası və yoluxma sayındakı azalmalar məhdudiyyətlərin ləğv edilməsinə imkan verdiyini düşünürəm. Şənbə və bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması başadüşülən deyil”.
Müsahibimiz həmçinin qeyd edib ki, ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verildiyi halda, restorana bəy və gəlinin daxil olmasının yasaqlanması da anlaşılan deyil: "Fikrimcə, qeyd etdiyim istiqamətlərdəki məhdudiyyətlər müəyyən normalar tətbiq etməklə aradan qaldırılmalıdır”.Günay Rəsulqızı






