“İmtahanlar DYP-nin inhisarından çıxarılmalıdır” - Rüşvətsiz sürücülük vəsiqəsi
Kateqoriya məlum deyil
"Sürücülük imtahanları DYP-nin inhisarından çıxarılmalı, prosesə özəl sektor nəzarət etməli və proses elektronlaşmalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda sürücülük vəsiqələri, maşın nömrələri almaq üçün prosesi həyata keçirən qurum tərəfindən rüşvət alınması məsələsinə toxunarkən, ReAL-ın icra katibi Natiq Cəfərli deyib:
"Bu problem bütün postsovet məkanı üçün spesifikdir. Sürücülük vəsiqələrinin pulla alınması, DYP sistemində rüşvətxorluğun tüğyan etməsinin nəticəsidir ki, yol hərəkəti qaydalarını bilməyən sürücülərin sayı durmadan artır. Bu isə qəzalara, insan həyatı üçün təhlükələrə səbəb olur”.
Həmsöhbətimiz deyir ki, müxtəlif ölkələrdə sürücülük vəsiqəsinin verilməsində müxtəlif yanaşmalar var: "Avropa ölkələrində sürücülük imtahanlarının götürülməsində özəl sektor mühüm rol oynayır. Bu da prosesə nəzarət mexanizmlərinin yaradılmasına imkan verir. Nəticədə polis əməkdaşları özəl sektorun iştirakı səbəbindən neqativ addımlardan çəkinməli olur. Azərbaycanda da avtomobili idarə etməyi özəl şəkildə öyrədən məktəb və fiziki şəxslər var. Amma onlar imtahan mərhələsində iştirak etmirlər. Nəzarətin güclü olması üçün Azərbaycanda da sivil toplumun, özəl sektorun imtahanlarda iştirakı vacibdir. İmtahanlar tam olaraq elektronlaşdırılmalıdır. İnsanın adı, soyadı deyil, ancaq nömrəsi proqram tərəfindən görülməlidir. Belədə qiymət də nömrəyə verilməlidir ki, neqativ halların qarşısı alınsın”.Rüfət SULTAN






