ABŞ dövlət katibinin köməkçisi Qafqaza niyə gəlir? – “Bir sıra mesajlar verəcək…”
"Səfər çərçivəsində islahatlar, vətəndaş cəmiyyəti, demokratik proseslər ətrafında bir sıra problemlər müzakirə predmeti olacaq. Eyni zamanda, regional məsələlər, Qarabağ mövzusu da müzakirə ediləcək. Bu səfər həm də NATO sammiti öncəsidir. Ona görə də ABŞ ola bilsin, bölgə ölkələrinə bir sıra mesajlar verəcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin Gürcüstan, Ermənistan və Azərbaycana başlanan səfərinin məqsədlərindən danışarkən, politoloq Nəsimi Məmmədli deyib:
"Filip Rikerin səfərində əsas məqsəd ABŞ-ın regiondakı geosiyasi maraqlarını bir daha aydın ifadə etməkdən ibarətdir. Bu səfərlə bu marağını həm tərəflərə, həm də dünya ictimaiyyətinə göstərməyi düşünür. SSRİ dağılandan bəri ABŞ-ın yürütdüyü Cənubi Qafqaz siyasəti hələ də dəyişməyib. Vaşinqton Cənubi Qafqazı bütöv görür və bu dövlətlərə siyasətində balansı qorumağa çalışır.
Düzdür, son dövrlər ABŞ-ın 3 Cənubi Qafqaz ölkəsinə yönəlik siyasətində əməkdaşlıqla bağlı müəyyən çərçivələr yaranıb. Ermənistan və Gürcüstan ABŞ-la daha sıx əməkdaşlığa can atır. Azərbaycan isə Qərblə əsasən iqtisadi-ticari əlaqələrə üstünlük verir”.Rüfət SULTAN






