Avropaya qanunsuz köç edən azərbaycanlılar necə geri qaytarılır? - Açıqlama
"2021-ci il ərzində Azərbaycana təqribən 143 nəfər şəxs readmissiya olunub. Onların 142 nəfəri bilavasitə Almaniyadandır. Bir nəfər isə Polşadan olub”.
Bunu Sfera.az-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov ötən gün 28 Azərbaycan vətəndaşının Almaniyadan ölkəyə geri qəbul edilməsi ilə bağlı danışarkən deyib.
Müsahibimiz bildirib ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş”i qüvvədə olduğu müddətdə bütövlükdə ölkəmizə readmissiya olunmuş şəxslərin sayı 2051 nəfər olub:
"Həmin şəxslərin təqribən 80 faizini Almaniya, 20 faizini isə Avropa İttifaqının digər üzv ölkələri təşkil edir. Readmissiya olunmuş şəxslər həmin Avropa İttifaqına üzv olan ölkələrin ərazisində qeyri-qanuni yaşayanlardır və onlar aşkarlandıqda müvafiq qaydada readmissiya olunması ilə bağlı prosedurlara başlanılır. Təbii ki, öncə həmin şəxsin nə üçün ölkə ərazisində olduğu, qanunsuz yaşadığı araşdırılır. Şəxsin sənədlərində müəyyən çatışmazlıqlar olduğu təqdirdə bilavasitə Azərbaycan hökumətinə saziş çərçivəsində sorğu göndərilir və əgər həmin şəxslə bağlı sənədləri bərpa etmək kimi məsələlər öz həllini tapırsa, sorğusuna müsbət cavab verilir. Daha sonra həmin şəxs olduğu ölkədə qayıdış şəhadətnaməsi ilə təmin edilərək readmissiya sazişi çərçivəsində ölkə ərazisinə qaytarılır”.
A.Allahverənov bildirib ki, sorğu cavablandırılmadığı halda isə bu proses reallaşana kimi şəxs olduğu ölkədə qalır. O, həmçinin insanların hansı səbəbdən qeyri-qanuni əsaslarla ölkədə qalmasından da söz açıb:
"Kimisi sənədini itirir, kimisinə verilmiş viza müddəti bitir, kimisi bilərəkdən sənədlərini məhv edir ki, sənədsiz formada ölkə ərazisində yaşaya bilsin və.s. Bu kimi hallar birmənalı şəkildə onların deportasiyası üçün əsaslar yaradır. Başqa dönəmlərdə isə Almaniya ilə yanaşı, Hollandiya, Skandivaniyanın digər ölkələrindən də deportasiya olunan şəxslər var idi. Lakin söhbət readmissiya sazişindən gedir. Məsələn, Rusiyadan, bu yaxınlardan Ukraynadan Azərbaycana deportasiya olunan şəxslər var idi və bu, saziş çərçivəsində reallaşmır. Sadəcə olaraq həmin ölkələrdə qeyri-qanuni yaşadıqları aşkarlanır, statuslarının leqallaşdırılması mümkün deyilsə, ya ölkə ərazisindən inzibati qaydada çıxarılması baş verir, ya da könüllü surətdə özü gəlir”.
Ekspert həmçinin sosial şəbəkələrdə readmissiyaya məruz qalan Azərbaycan vətəndaşlarının özünə xəsarət yetirməsi barədə məlumatlara da münasibət bildirib:
"Təcrübə də onu göstərir ki, vətəndaşlar Almaniya və ya Avropa İttifaqının digər üzv ölkələrin ərazisini tərk etmək istəmirlər. Hətta onların deportasiyası ilə bağlı müəyyən qərarlar veriləndən sonra, bir qismi yerlərini dəyişir, başqa bir şəhərə qaçırlar, müxtəlif yollarla ölkədə qalmağa çalışırlar. Eyni zamanda xəsarət yetirmə halları da olub. Məsələn, bir neçə il əvvəl, Almaniyada bir ailə bu yola əl atmışdı. Və ya güclü stress keçirən ailə üzvləri sonradan nevroloji müalicəyə yazılmışdılar və bu da deportasiya ilə bağlı idi. Bir neçə ay bundan əvvəl, kütləvi informasiya vasitələrində belə bir məlumat yayıldı ki, Almaniyada deportasiya olunan ailəyə məmurlar yaxınlaşdıqda ev sahibi onlara qarşı silahdan istifadə etmişdi. Lakin bəzən belə hallar şişirdilmiş şəkildə mətbuatda təqdim olunur. İstənilən halda, zaman-zaman xoşagəlməyən hadisələrin şahidi oluruq”.Günay Rəsulqızı






