Dövlətə yük olan qurumlar – Həm gəlir gətirmirlər, həm də milyardlarla dollarlıq xarici borca salırlar
Azərbaycanda dövlətə məxsus 30-dan çox iri şirkət var. Onların əksəriyyəti xalis gəlir gətirmir və dövlətin büdcəsi üçün böyük yükdür. Dövlət hər il bu şirkətlərə büdcədən yüz milyonlarla manat məbləğində vəsait ayırır, onlara xaricdən böyük məbləğdə borc cəlb edir, belə şirkətlrin cari xərclərinin bir hissəsi belə dövlət tərəfindən ödənilir.
Sfera.az bildirir ki, 2019-cu ildə dövlət büdcəsindən bu şirkətlərə 3,955 milyard manat vəsait ayrılıb. Ayrılan məbləğin 3,054 milyard manatı və ya 77,2%-i dövlət əsaslı vəsait qoyuluşu, 545,4 milyon manatı əvvəlcədən bölgüsü müəyyənləşdirilən xərclər, 251,2 milyon manatı birdəfəlik təyinatlı və tədbirlər üzrə xərclər, 100,9 milyon manatı Ehtiyat Fondları, 3,7 milyon manatı büdcədənkənar xərclər üzrə olub.
Həmin şirkətlər ayrılan bu qədər vəsaitin müqabilində dövlət büdcəsinə 1,85 milyard manat vergi verib. Bu ödənişin də 1,411 milyard manatı SOCAR-ın payına düşüb.
Burada nəzərəçarpan məqam ondan ibarətdir ki, bir sıra dövlət müəssisələrinin dövlət büdcəsindən istifadə etdiyi vəsaitlər büdcəyə verdikləri töhfədən çoxdur.Belə şirkətlər arasında "Azərsu” ASC, "Azərbaycan Dəmir Yolları” QSC, "Azəriqaz" QSC, "Azərenerji" QSC xüsusilə seçilir. Büdcəyə "Azərbaycan Dəmir Yolları” QSC 10,8 milyon manat ödədiyi halda, büdcədən 652 milyon manat, "Azərsu" 24,6 milyon manat qarşılığında 483,7 milyon manat, "Azəriqaz" 34,2 milyon manat ödədiyi halda 462,3 milyon manat, "Azərenerji" 90,8 milyon manata qarşılıq 403 milyon manat subsidiya alıb. Adıçəkilən böyük şirkətlərin büdcədən aldığı subsidiya 2 milyard manatdan çoxdur.
Bu şirkətlər büdcədən ödədiklərindən xeyli çox vəsait almaqla bərabər, dövlətin borc yükünü də artırır. 2020-ci ilin əvvəlində dövlətin xarici borcu 9,091 milyard dollar olub. Bunun 390 milyon dolları "Meliorasiya və su təsərrüfatı” ASC-yə, 970,3 milyon dolları "Azərsu"ya, 885,8 milyon dolları "Azərbaycan Dəmir Yolları” ASC-yə verilib.
Bağlanan müqavilələrə əsasən "Meliorasiya və su təsərrüfatı” ASC-yə görə 237 milyon dollar, "Azərsu"ya görə 298 milyon dollar, "Azərbaycan Dəmir Yolları” ASC-yə görə 482 milyon dollar əlavə borc alınacaq. Bunun nəticəsində "Azərsu"ya görə dövlətin borcu 1,27 milyard dollara, "Azərbaycan Dəmir Yolları” ASC-yə görə borc 1,37 milyard dollara yüksələcək.
2020-ci ilin əvvəlinə olan məlumata əsasən Azərbaycan dövlətinin xarici borcu 9,091 milyard dollar olub. Bunun 61 faizi (5,55 milyard dollar) dövlət şirkətlərinə görə yaranan borcdur. Cəlb olunması nəzərdə tutulan borc vəsaitlərini də nəzərə aldıqda dövlətin xarici borcu 12,43 milyard dollara qədər artacaq. Bu artımda da əsas pay dövlət şirkətlərinin üzərinə düşür.
Dövlət şirkətləri ilə bağlı yaranan ağır maliyyə problemi idarəetmənin düzgün təşkil edilməməsindən qaynaqlanır. Buna görə də dövlət başçısının müvafiq fərmanı ilə İnvestisiya Holdinqi yaradılıb və iri dövlət şirkətlərinin idarə edilməsi Holdinqə həvalə olunub.Vasif
Sfera.az





