Minsk Qrupunun bəyanatına REAKSİYA: "Heç bir siyasi əhəmiyyəti yoxdur"
Xəbər verdiyimiz kimi ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (Amerika Birləşmiş Ştatları) birgə bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələrə və bundan duyduqları narahatlığa yer verilib.
Bununla bağlı Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib ki, bəyanat ilk növbədə Yerevanın maraqlarını əks etdirir:
"Ümumiyyətlə, Minsk qrupu Qarabağ münaqişəsinə görə təsis edilmişdi və bu münaqişə başa çatıb. Sərhəd məsələsinə görə, Minsk qrupunun bu bəyanatının heç bir siyasi əhəmiyyəti yoxdur. Həmsədrlərin formatı sərhəd məsələsinə görə təşkil edilməyib. Həmsədr ölkələri 10 noyabr birgə Bəyannaməsindən irəli gələn öhdəlikləri Ermənistan tərəfindən yerinə yetirilməsinə çağırış etməlidir. Azərbaycan tərəfi konkret olaraq sərhəd məsələsində Minsk qrupu vasitəsilə hərəkət etsə, Azərbaycanın əleyhinə işləyə bilər.
Ötən gün Nikol Paşinyan bir gölə görə Azərbaycanla müharibə etməyin mənasız olduğunu qeyd etdi. Ümumiyyətlə Ermənistanda baş verənlər ABŞ-Rusiya qarşıdurmasıdır və Paşinyanın Azərbaycanla sülh müqaviləsi, yaxud hərhansı bir sənəd imzalaması onun əlehinə çevrilə bilər. Azərbaycan məzh bu nöqteyi nəzərdən öz sərhədlərini müəyyən edib, möhkəmlənməlidir”.
Müsahibimiz bildirib ki, Paşinyan seçkidə qələbə və hakimiyyətini möhkəmləndirəndən sonra sənədlərin imzalanmasına gedə bilər:
"Əgər hakimiyyətdə qala bilməyəcəksə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq. Ermənistanda iki il bundan əvvəl baş vermiş inqilabın nəticələrinə gəldikdə isə, bu fiaskoya uğrayıb. Paşinyan seçkidən sonra Ermənistanda inqilabı reallaşdırmaq üçün addımlar atacaq. Bu inqilab islahatlardan ibarətdir və bu islahatlar heç də müsbət nəticələnməyə bilər.
Azərbaycan dövlət sərhəddində baş verənlərə gəldikdə, mümkün təxribatlara hazır olmalıdır. İyunun 16-na kimi təhlükəsizlik üst səviyyəyə qaldırılmaldıır. ABŞ, Fransa və Rusiya Ərdoğanın Şuşa səfərindən narahatdır”.
Günay Rəsulqızı
Sfera.az






