Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı etdiyi hücumlarla bağlı məqalə YAYIMLADI
Beynəlxalq Münaqişələrin Həlli Mərkəzini təmsil edən nümayəndələr Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycan və Ermənistan arasında cari əlaqələr, üçüncü ölkələrin iki ölkə arasındakı əlaqələrdə rolu, işğaldan azad edilmiş ərazilərdə aparılacaq yenidənqurma işləri barədə ətraflı məlumat toplamaq üçün Bakıya səfər ediblər.
Sfera.az xəbər verir ki, təşkilatın nümayəndələri Bakıda hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçiriblər.
Mərkəz üzvləri Xarici İşlər Nazirliyinin rəsmiləri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) rəhbərliyi, Azərbaycan Rus İcmasının sədr müavini, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.
Səfərin ikinci hissəsində mərkəz nümayəndələri regionlardakı rəsmilərlə görüşmək məqsədilə Azərbaycanın qərb bölgəsinə səfər ediblər.
Münaqişə zonasından çox uzaqda yerləşən Gəncə və Tərtər şəhərlərinin koordinasiya üzrə məsul səlahiyyətliləri nümayəndələrə müharibə əsnasında şəhərlərə dəymiş ziyanı əyani olaraq göstəriblər.
Təşkilat nümayəndələri hərbi mühafizə karvanının müşayiəti ilə 1988-1994 illərində Birinci Dağlıq Qarabağ müharibəsi zamanı erməni işğalçı qüvvələri tərəfindən yerlə-yeksan edilmiş Ağdamı ziyarətlə Azərbaycana səfərlərini yekunlaşdırıblar.
Mərkəz tərəfindən səfər haqqında yayılan materialı təqdim edirik:
Gəncə və Tərtər şəhərlərinə ziyarət
Nümayəndə heyəti Bakıda hökumət və qeyri-hökumət təşkilatları ilə görüşlərindən sonra ölkənin qərb hissəsində yerləşən, Azərbaycanın ikinci böyük şəhəri və tarixi paytaxtı Gəncə şəhərinə səfər ediblər.
Gəncədə nümayəndə heyətini Gəncə İcra Hakimiyyətinin başçısının müavini qarşılayıb və İkinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən şəhərə təşkil olunmuş hava hücumları barədə detallı məlumatlar verib.
Vəziyyəti ümumi olaraq dəyərləndirmək üçün Gəncə şəhərinin yerləşdiyi mövqeyə nəzər salmaq olar. Şəhər münaqişə zonasından Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində 100 kilometrdən (62 mil) çox məsafədə, eləcə də Ermənistan Silahlı Qüvvələrinin indiyədək nəzarət etdiyi ərazilərdən uzaqda yerləşir.
Erməni qüvvələri əvvəlcə şəhərə etdikləri hücumun məsuliyyətini üzərlərindən atsalar da, sonradan bu hücumda məqsədlərinin hərbi infrastrukturu hədəf almaq olduğunu bildiriblər.
Mülki strukturları hədəf almağın məqsədinin münaqişəni böyütmək və bəlkə də Azərbaycanı Ermənistan Respublikası ərazisinə birbaşa hücum etməyə təhrik etmək cəhdi olduğu açıq-aşkar ortadadır.
Beynəlxalq hüquq prinsiplərinə görə əgər bu hal baş verərdisə, münaqişə Azərbaycanın sərhədlərindən kənaradək uzanacaq və üçüncü ölkələrin birbaşa müdaxiləsinə imkan yaranacaqdı.
Müharibə zamanı Ermənistan hərbi qüvvələri məqsədli şəkildə Azərbaycanın bir neçə şəhərindəki mülki infrastrukturu hədəf alıb. Gəncə şəhərinə qarşı artilleriya hücumları bir neçə insanın həyatına son qoyub və bir çox insan evini tərk etmək məcburiyyətində qalıb.
İnsan hüquqlarını müşahidə təşkilatı "Human Rights Watch”ın hesabatına görə 2020-ci ilin 4 oktyabrında hücumlar zamanı Gəncədə iki yaşayış binası dağılıb.

Bu hücumlar insanların kompakt yaşadığı yaşayış komplekslərinə ziyan vurmaqla yanaşı, Əli Nizami küçəsində yerləşən təxminən 30 evə də ciddi zərər vurub. İlk hücumda 1 mülki şəxs həyatını itirib, 30 nəfər yaralanıb.
2020-ci ilin 8 oktyabrında Gəncə növbəti hücuma məruz qaldı. Bu hücumlarda bir sıra yaşayış binası və məktəbə ziyan dəyib.
"Human Rights Watch” oktyabrın 10-da Ermənistanın "Skud-B” raketi vasitəsilə yaşayış binasına hücum aktı həyata keçirdiyini təsdiqləyib. Bu hücumda 10 mülki vətəndaş ölüb, 34 nəfər yaralanıb.
Oktyabrın 16-sı və 17-nə keçən gecə təxminən saat 01:00 radələrində erməni qüvvələri iki yaşayış məntəqəsini "Scud-B” ballistik raketləri ilə vurub. Bu hücumda ümumilikdə 21 mülki şəxs həyatını itirib. İlk hücumda 17 nəfər ölsə də, ağır dərəcəli yaralanmalardan sonra daha 5 nəfər dünyasını dəyişib.
Hücum aktı baş verən gecə ilk raketin atılmasından qısa müddət sonra atılan ikinci raket şəhərin başqa bir hissəsinə düşərək 15 evi tamamilə məhv edib və 50 evə zərər vurub. "Human Rights Watch” müşahidəçiləri ərazidə raketin qalıqları ilə yanaşı böyük bir krater aşkarlayıblar.
Gəncədə ümumilikdə 32 nəfər həyatını itirib, 125 nəfər yaralanıb.
Qələbə parkı yaxınlığında dağıdılmış yaşayış kompleksini ziyarət etdikdən sonra mərkəz üzvləri hücumların hədəfinə çevrilmiş digər yaşayış yerlərini ziyarət ediblər.
Onlar daha sonra şəhərə dəyən ziyan barədə təəssüratlarını bölüşmək üçün yerli KİV-ə müsahibə veriblər.
Tərtər ziyarəti
Gəncə ziyarətindən sonra təşkilat üzvləri 2020-ci ilin 28 sentyabr - 10 noyabr tarixləri arasında çox sayda hücuma məruz qalan Tərtər şəhərinə dəymiş ziyanı müşahidə etmək üçün buraya səfər ediblər.
Şəhər icra hakimiyyətinin rəsmiləri onlara dəymiş ziyanı əyani olaraq göstərərək geniş məlumat veriblər.
Onlar erməni qüvvələri tərəfindən atılan raketlər nəticəsində zərər görən qəbiristanlıqların, məktəblərin, tarixi və mədəniyyət abidələrinin canlı şahidi olublar.
Azərbaycan Prezident Administrasiyası müharibənin ikinci günü - 28 sentyabrda Tərtər rayonuna bir gündə 2 mindən çox mərminin düşdüyünü açıqlayıb.
Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun sözlərinə əsasən, 29 oktyabrda şəhərə 15 500 mərmi atılıb, 27 sentyabr - 29 oktyabr tarixlərində 133 ev tamamilə dağıdılıb. Bu hücumlar 873 ev, 14 məktəb, 3 xəstəxana və 18 dövlət binasının ciddi zərər görməsinə səbəb olub.
Noyabrın 5-də şəhərin yaşayış olan hissələri, həmçinin ticarət məntəqələri yenidən hədəfə alınıb, nəticədə bir neçə nəfər ölüb. Ümumilikdə isə 17 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb.

Tərtər şəhəri də Gəncə kimi münaqişə zonasından kənarda, Azərbaycan Respublikasının sərhədləri daxilində yerləşir.
Belə nəticəyə gəlmək mümkündür ki, Tərtərdə mülki şəxslərin hədəfə alınması Azərbaycan Ermənistan ərazisinə hücumlar təşkil etməsinə təhrik etmək üçün növbəti cəhd idi.
Ağdama səfər
Gəncə və Tərtərə səfərdən sonra Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin nümayəndələri, 2020-ci ildə işğaldan azad olunan Azərbaycanın "Qafqazın Xirosiması" adlandırılan ərazisini - Ağdam şəhərini ziyarət etdilər.
Ağdam şəhərinin əhalisi müharibədən əvvəl 28 031 nəfər kimi qeydə alınıb. Birinci Dağlıq Qarabağ müharibəsi zamanı isə azərbaycanlılar yurdlarından qovulub. Ağdam dağların ətəyindəki düz bir düzənlikdə yerləşdiyindən şəhərə hücumlara qarşı təbii bir maneə olmadığı üçün erməni qüvvələri yerli əhalini asanlıqla qova bilib. Azərbaycan qüvvələrinin hazırda Ağdamda çox sayda olmasına baxmayaraq, bu şəhəri ziyarət etmək inanılmaz dərəcədə risklidir. Çünki Ağdamdakı və ətrafındakı torpaqlar minalanıb. Ərazinin Azərbaycanın nəzarətinə qaytarılmasından sonra şəhərdə əvvəllər yaşayan ailələr keçmiş evlərini ziyarət etməyə tələsdikləri üçün yaralanma və ölüm hadisələri qeydə alınıb.

Ağdam Sovet İttifaqı dövründə və ondan əvvəl geniş mədəniyyətə sahib olan böyük bir şəhər idi. Şəhərdə islami motivlərə qəsdən ziyan vurmaq üçün dağıdılmış məşhur Ağdam Cümə məscidi var. Ağdamda məsciddən əlavə əvvəllər Dövlət Dram Teatrı, məşhur Çay Evi və Çörək Muzeyi fəaliyyət göstərirdi. Belə mədəniyyət abidələrinin qəsdən məhv edilməsi şəhəri ziyarət edən qonaqlar üçün şok oldu.

Ağdamda dini və mədəniyyət abidələri ziyan görüb, yaşayış yerləri və evlər yerlə yeksan edilib. Ermənilər azərbaycanlıları Ağdamdan uzaqlaşdırdıqdan sonra bir daha onların evlərinə qayıda bilməməsi üçün şəhəri yerlə-yeksan ediblər.
Gələcək Tədqiqat: "Mülki əhalini evə qayıtmağa gecikdirən səbəb, Azərbaycan-İran və Ermənistan-İran münasibətləri"
Azərbaycana səfərdən, Bakıdakı səlahiyyətlilərlə bir neçə görüşdən və Gəncə, Tərtər, eləcə də Ağdam şəhərlərindəki müşahidələrindən sonra Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi azərbaycanlıların irəli sürdüyü iddialardan bir neçəsini doğrulayaraq təsdiqləyib.
Hökumətin 2020-ci il müharibəsi zamanı mülki əhaliyə dəyən zərəri hesablamaq üçün imkanlar var. Təhlükəsizlik vəziyyəti yaxşılaşdıqca, Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi işğaldan azad olunan şəhərlərdə əlavə işlərin aparılmasına ümid edir.
Mərkəz işğaldan azad edilən ərazilərin geri qaytarılmasının Azərbaycan-İran və Ermənistan-İran münasibətlərinə necə təsir göstərdiyini araşdırmaq üçün Azərbaycanın cənub bölgəsinə səfər etməkdə xüsusilə maraqlıdır. Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi Ermənistanın nümayəndələri ilə əlaqə qurub və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri, düşüncə mərkəzinin köməyi ilə qiymətləndirmə təşkil etməyi planlaşdırır
Azərbaycan hökuməti ziyanla bağlı öz qiymətləndirmələrini davam etdirdikdə, Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi yenidənqurma işlərini və vəziyyəti izləməyi planlaşdırır.
Dağlıq Qarabağ bölgəsi ətrafındakı mədənçiliyin miqyası ərazilərin yenidən inkişafına mane olur, mülki şəxslərin və məcburi köçkünlərin evlərinə qayıtmalarını təxirə salır.
Məqalənin müəllifləri:
Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin (ICR Center) idarə heyətinin üzvü, prof. Kristofer Çambers

ICR Centerin proqram direktoru Austin Klayton

Qeyd edək ki, Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi (ICRCenter) beynəlxalq dialoqun inkişafına, ərazi suverenliyinin qorunmasına, Avropa və Avrasiyadakı dondurulmuş münaqişələrin həllinə istiqamətlənmiş müstəqil, qeyri-kommersiya düşüncə mərkəzidir. Təşkilatın mərkəzi Vaşinqtonda yerləşir. Təşkilat bölgədə əməkdaşlıq və sabitliyi təmin etmək üçün öz müqəddəratını təyinetmə, beynəlxalq legitimlik və diplomatik etimad ideyalarını təbliğ etməyi qarşısına məqsəd qoyub.
Tərcümə: Əzizə Zeynal
Sfera.az






