Putin Tacikistan prezidenti ilə Qırğızıstan sərhədindəki vəziyyəti müzakirə edəcək
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Emoməli Rəhmon mayın 8-də Moskvada keçiriləcək görüşdə Tacikistanla Qırğızıstan arasındakı sərhəddə baş verən münaqişəni müzakirə edəcəklər.
Sfera.az xəbər verir ki, Tacikistan Prezidenti həmçinin Qırmızı Meydandakı Qələbə paradında iştirak edəcək, daha sonra isə Düşənbəyə yola düşəcək.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı münaqişə hərbçilər arasında silahlı qarşıdurmaya çevrilib. Sərhədçilər arasındakı toqquşma altı saatdan çox davam edib və hər iki tərəfdən təxminən 50 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. 300-dən çox ev və infrastruktur obyekti dağıdıldı və ya yandırılıb.
Aprelin 29-u, axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər, amma ertəsi gün yenidən atışma başlayıb. Aprelin 30-da, axşama yaxın növbəti atəşkəs razılaşması əldə edilib.
Nəticədə Tacikistan hərbçiləri mayın 1-də Qırğızıstan ərazisini tərk edib.Selcan






