“Diasporla İş üzrə Dövlət Komitəsindən hələ də cavab yoxdur” – Vaşinqton Universitetinin azərbaycanlı doktorantı
Son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti həm ölkə mətbuatında, həm də sosial şəbəkələrdə tənqid olunur. Komitənin diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirə bilmədiyi, səhvlərə yol verdiyi, operativ işin icrasından məhrum olduğu kimi fikirlər tez-tez səsləndirilir.
Komitənin digər işi də xaricdə yaşayan vətəndaşların problemləri ilə maraqlanmaq, diaspor işlərini təşkil etməkdir. Buna baxmayaraq, güneyli fəal, Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı da Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazı olanlar sırasındadır.
Sfera.az xəbər verir ki, o, narazılığını sosial şəbəkədə belə ifadə edib: "Bir müddət əvvəl dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 40-dan çox Azərbaycan diaspora təşkilatı və dərnəyi Azərbaycanda təhsil alan İran azərbaycanlı tələbələr üçün güzəşt edilməsi ilə bağlı Azərbaycan hökumətinə məktub ünvanlamışdı. Məktubda İran azərbaycanlı tələbələrin pandemiyanın iqtisadi təsirləri ilə əlaqədar olaraq Azərbaycanda təhsillərini davam etdirə bilmədiyi, İrana qayıtmaq məcburiyyətində qaldıqları deyilirdi”.R.Cabbarlının sözlərinə görə, həmin məktuba hələ də Komitə tərəfindən cavab verilməyib: "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən 7 aydır ki, cavab gəlmir. Normalda belə müraciətlərlə komitə maraqlanmalıdır” -, deyə o qeyd edib.
Güneyli fəal həmçinin bildirib ki, açıq müraciətə Azərbaycan Respublikası Təhsil Nazirliyinin reaksiyası olub.
Türkan









