Serj Sarkisyanın partiyası da seçkilərə qatıldı – Düşmən ölkədə nələr baş verir?
Eks-prezident Serj Sarkisyanın sədri olduğu Ermənistan Respublika Partiyası da erkən seçkilərdə iştirak edəcək. Onun partiyası seçkilərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbəri olduğu "Vətən” partiyası ilə birlik formatında qatılacaq.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Sarkisyanın və partiyasının buna qədər seçkilərə qatılıb-qatılmayacağı məlum deyildi, çünki digər müxalif partiyalar kimi Respublika Partiyasında da Nikol Paşinyanın idarəsi altında keçirilən seçkilərdə qələbə qazanmağın mümkün olmayacağını düşünürdülər.
Politoloqun sözlərinə görə, Ermənistan Respublika Partiyası da digərləri kimi Paşinyan hakimiyyətdən uzaqlaşdırıldıqdan və ölkədə keçid hakimiyyəti qurulduqdan sonra seçkilərin fayda verəcəyini, yəni hakimiyyətə gələ biləcəklərini fikirləşirdilər:
"Amma Paşinyan Rusiyanın rejissorluğu ilə həyata keçirdiyi manevrlər nəticəsində seçkinin keçirilməsinə nəzarəti əlinə ala bildi. Sarkisyan seçkiyə heç də qalib gəlmək üçün getmir və məğlub olacağı ona indidən aydındır. Amma "ümid sonda ölür” deyirlər. Bəlkə də seçkiqabağı kampaniya zamanı Sarkisyan və onun partiyasının səs qazanmasına kömək edə biləcək hadisələr baş verdi”.
Politoloq qeyd edib ki, Sarkisyanı ümidləndirən digər məsələ isə onun "Vətən” partiyası ilə tandemdə seçkilərə qatılmasıdır:
"Bu partiyanın sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sədri Artur Vanetsyanın siyasi durumu Serj Sarkisyandan heç də fərqlənmir. O da ümidsizdir və uzun müddət seçkiyə qatılıb-qatılmamaqla bağlı seçim edə bilmirdi. Bu iki şəxs birlikdə seçkidə nəyəsə nail olmağa ümid edir.
Serj Sarkisyan, Artur Vanetsyan, hətta Robert Koçaryan belə Paşinyanla müqayisədə olduqca cılız vəziyyətdədirlər və onların siyasi karyeraları son aylarını yaşayır. Onların seçkiyə qatılmaları indiki iqtidarın mövqeyini gücləndirməkdən başqa heç bir əhəmiyyət kəsb etməyəcək. Bu xidmətlərinə görə isə onlar Paşinyandan mükafat gözləməyə bilərlər. Əksinə, Paşinyan seçkilərdən sonra hakimiyyətini daha da gücləndirəcək və Qarabağ klanı ilə haqq-hesab çəkməyə qaldığı yerdən davam edəcək. Bu klanın erməni millətçiliyinə vurduğu ziyanı uzun müddət unutmaq mümkün deyil və unutmayacaqlar”.
Xatırladaq ki, bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.Günay Rəsulqızı






