Məmurların mənimsədiyi milyonlar necə geri qaytarılır? – Hüquqi mexanizm
Xəbər verdiyimiz kimi, ötən gün Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov həbs edilib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyat keçirib. Sabiq məmurun mənimsədiyi vəsaitlər açıqlanıb.
Son bir ildə Alimpaşa Məmmədov kimi bir neçə məmurların – icra başçıları, nazirlərin həbsinin şahidi olmuşuq. Həmin şəxslər ölkə başçısının dövlət quruculuğu siyasətinə xəyanət edərək külli miqdarda pul mənimsəyiblər.
Maraqlıdır, məmurların dövlətə vurduğu maddi ziyan necə ödənilir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Sfera.az-a açıqlamasında cinayət yolu ilə dövlətə və ya ayrı-ayrı şəxslərə vurulmuş zərərin ödənilməsi ilə bağlı bir çox məqamların olduğunu bildirib: "Dövlət büdcəsindən ayrılmış vəsaitlərin düzgün, səmərəli və ya təyinatına uyğun istifadə olunmaması nəticəsində vurulan zərərə görə təbii ki, həmin cinayət törətmiş şəxslər birbaşa məsuliyyət daşıyırlar. Bu kimi hallarda prokurorluğun dövlət vəsaiti ilə bağlı ayrı mülki iddia vermək səlahiyyəti var. Bu tipli müraciətlər olarsa, məhkəmə həmin zərərin ödənilməsi istiqamətində də iş aparır və itirilmiş vəsaitin geri qaytarılması, yaxud təyinatına uyğun istifadə edilməmiş vəsaitin geri qaytarılması istiqamətində tədbirlər görür.
Lakin bəzən bu vəsaitlərin aşkara çıxarılması böyük çətinlik yaradır. Çünki cinayət nəticəsində əldə olunmuş vəsaiti müxtəlif yollarla qanuniləşdirilməyə çalışılır, yaxud bir neçə mülki hüquqi müqavilələr bağlayıb əmlaklar əldə edərək onları satıb yenidən həmin vəsaitin dolayısı ilə ələ keçirilməsi ilə məşğul olurlar. Bütün bu məsələlər ilk növbədə istintaq orqanlarının vəzifəsidir”.
Müsahibimizin sözlərinə görə, konkret olaraq məhkəmənin yekun aktlarında bu cür vəzifə cinayətləri barədə qeydlər olmalıdır ki, məcburi tədbirlər həyata keçirilsin: "Artıq prokurorluqla bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilərək, bu cür vəsaitlərin geri qaytarılması ilə əlaqəli mükafat şəklində həmin istintaq orqanlarının müəyyən ödənişlərin həyata keçirilməsi də nəzərdə tutulub. Yəni, bütövlükdə vəsaitin geri qaytarılması istintaq orqanlarının səlahiyyətində olan məsələdir.Daha sonra isə məhkəmə qərarında bu məsələlər öz əksini tapmalıdır. Lakin həmin vəsaitin məhz hansı üsulla, hansı vaxtda, formada ələ keçirilməsi, o vəsaitin daha sonra nəyə istiqamətləndirildiyi istintaq sənədlərində birbaşa öz əksini tapmalıdır. Əks təqdirsə, sübuta yetirmək mümkün olmazsa, təbii ki, həbs olunmuş şəxslərin yaxud məhkəmənin yekun qərarı ilə cəzaya məhkum olunmuş vəzifəli şəxslərdən dövlət və ya digər şəxslərin vəsaitinin geri qaytarılması istiqamətində işlər aparılması mümkün deyil”.
Günay Rəsulqızı






