Azərbaycan beynəlxalq təhdidlər qarşısında necə duruş gətirməlidir? - Açıqlama
Son günlər bir sıra dünya gücləri yenidən Azərbaycana qarşı təzyiqlərə start verib. Fransa Senatı sədrinin Qarabağın ermənilər yaşayan ərazisinin tanına biləcəyini iddia etməsi, Fransa Prezidenti Emmanuel Makronla Rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığında Dağlıq Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində yeni təşəbbüslər hazırlamaq niyyətini ortaya qoymaları Azərbaycana yönəlik təhdidlərin olmasından xəbər verir.
Görəsən, bu təhdidlərin alt qatındakı məqsəd nədən ibarətdir və Azərbaycan bu oyunları neytrallaşdırmaq üçün hansı qabaqlayıcı addımlar atmalıdır?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri bildirib ki, Minsk Qrupuna daxil olan üçlüyün bu sayaq təhdidləri Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəni minimuma endirmək və Qarabağdakı ermənilərin, habelə Ermənistanın geosiyasi maraqlarını təmin etmək məqsədi daşıyır. Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupunun prosesə yenidən müdaxilə etməsi sözün əsl mənasında Azərbaycana yaxşı heç nə vəd etmir:
"Onlar bütün fəaliyyətləri boyu yalnız İrəvanın marağını təmin edən davranış ortaya qoyub. Bu gün də anoloji fəaliyyətlərini davam etdirirlər. Baş verən son hadisələr də göstərir ki, həmsədr dövlətlər regionda baş verən proseslərdən məmnun deyillər. Xüsusən də Türkiyənin prosesdə yer alması bu ölkələri narahat edir. Ona görə də hansısa bəhanələr vasitəsilə yenidən Minsk qrupu vasitəsilə Qarabağ prosesində iştiraka və Ermənistanın marağını təmin etməyə çalışırlar”.
Politoloqun fikrincə, bu təhdidləri önləmək üçün Bakı ilə Ankara adekvat reaksiya verməlidir: "Azərbaycan işğaldakı torpaqları azad etmək üçün proses yaratdığı kimi, bu istiqamətdə də proses yaratmağa başlamalıdır ki, Rusiya da daxil həmin üçlük Bakı ilə Ankaranın qəbul etdiyi qərarların arxasınca sürünmək məcburiyyətində qalsınlar. Düşünürəm ki, Laçın koridoru dərhal bağlanmalı, bu dəhliz ləğv edilməli, orada Azərbaycanın sərhəd qoşunları dayanmalıdır. Bundan sonra da Ermənistanla Qarabağın əlaqəsi tamamilə kəsilməlidir. Ermənistanla sərhəddə, Şuşada, habelə Qarabağda olan erməni silahlılarının olduğu ərazilərdə paralel olaraq Türkiyə qoşunları da yerləşdiriılməli, onlar da ruslar kimi, sülhməramlı missiyanı yerinə yetirməlidirlər”.
Digər qabaqlayıcı addım kimi N. Miri Azərbaycanın antiterror əməliyyatına başlamasını da istisna etməyib: "Bu çəkindirici məqam olacaq ki, nəticədə erməni qoşunlarının Qarabağdan çıxarılmasına səbəb ola bilər. Bu kimi prosesləri yaratmaq və qərarlar qəbul etməklə İrəvanın havadarlarını geri çəkilməyə vadar etmək olar. Amma heç nə etməsək, bu sayaq təhdidlər daha da artacaq”.
Elçin





