Logo

Ermənistanın vurduğu ziyan hesablanır - Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcək

Ermənistanın vurduğu ziyan hesablanır - Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xarici mütəxəsislərin iştirakı ilə torpaqlarımızın bir hissəsini 27 ildən çox işğalda saxlayan Ermənistanın vurduğu ziyanın hesablanması prosesi davam etdirilir. Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək.

Sfera.az-ın məlumatına görə, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov dəymiş ziyanın hesablanma üsullarından danışıb. O qeyd edib ki, aparıcı beynəlxalq qurumların bu sahədə bir sıra metodoloji tövsiyyələri var:

"Dünya Bankının metodologiyasına görə, 4 mühim istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir. Əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur.

Bütün metodoloji dəyərləndirmələrə görə, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq”.

Millət vəkili bildirib ki, Ermənistanın işğal nəticəsində vurduğu ziyanla bağlı fərqli rəqəmlər olsa belə, bu, milyard dollarlarla ilə ölçülür:

"Gözlənilir ki, konkret rəqəmlər qiymətləndirmə başa çatandan sonra ictimaiyyətə elan olunacaq. Prosesin beynəlxalq ekspertlərin iştirakı ilə aparılması elan olunacaq rəqəmə beynəlxalq yanaşmada pozitiv təsir edəcək. Qeyd edim ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib.  Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcək. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR