“Rusiya ilə hansı əməkdaşlıqdan söhbət gedə bilər?” – Zərdüşt Əlizadə
"Bu ölkə ilə əməkdaşlığı genişləndirmək üçün ortada elə də ciddi səbəblər yoxdur”.
Bu sözləri Sfera.az-a açıqlamasında deputat Qüdrət Həsənquliyevin ölkəmizin Rusiya ilə daha yüksək əməkdaşlıq etmək və MDB məkanında daha aktiv olmaq çağırışlarına münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib:
Həmsöhbətimiz qeyd edib ki, xeyir gətirməyən əməkdaşlıq mənasızdır: "Əməkdaşlıq ediriksə, onun hansısa xeyri də olmalıdır. Xeyir görmürüksə, hansı əməkdaşlıqdan söhbət gedə bilər? Rusiya ilə Azərbaycan arasında hansı xeyirli layihələr ola bilər ki, bu əməkdaşlığı daha da inkişaf etdirə bilək? Rusiyadan lazım olanı alırıq. Bu ölkəyə isə əsasən tərəvəz və meyvə məhsulları satırıq. Yəni, bu ölkə ilə əməkdaşlığımızı genişləndirmək üçün ortada elə də ciddi səbəblər yoxdur”.
Politoloq Rusiyaya müsbət münasibət bəsləməyin, lazım olanda tərifləməyin, lazım gələndə isə onu tənqid etməyin tərəfdarıdır: "Qonşu dövlətdir, orada çoxlu sayda soydaşımız yaşayır. Azərbaycanda az da olsa rus yaşayır. Qonşu dövlətlə münasibətləri yaxşılaşdırmaq lazımdır. Amma necə? Nəyin hesabına”?Z. Əlizadə ölü vəziyyətində olan MDB çərçivəsində də aktiv olmağın xeyir gətirməyəcəyi qənaətindədir: "MDB artıq ölmüş təşkilatdır. Bu qurum SSRİ-nin süqutundan sonra hansı xeyiri verə bilmişdisə, onu da verdi. Keçmiş sovet respublikaları arasında münasibətləri normallaşdırdı. Vəssalam. İndi isə öləziləyən MDB-də aktiv olmağın, Rusiya ilə daha yüksək əməkdaşlığın heç bir mənası yoxdur. Amma düşmənçiliyin də əleyhinəyəm, çalışmalıyıq ki, dost olaq”.
Elçin






