Türk dünyasının gözü Bakıda - Zəngəzur dəhlizinin açılması böyük uğur olacaq
"Zəngəzur dəhlizi regiona davamlı sülh gətirəcək”.
Sfera.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsində Zəngəzur dəhlizinin əhəmiyyəti barədə verdiyi açıqlamaya münasibət bildirərkən deyib:
"Zəngəzur dəhlizinin istifadəyə verilməsi postmüharibə dövründə region üçün prioritet məsələlərdəndir. Bu Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyatı vasitəsi ilə birləşdirməklə yanaşı həm də regionda davamlı sülhün formalaşması baxımdan vacibdir”.
Deputatın fikrincə, bu dəhliz Bakının strateji əhəmiyyətini daha da yüksəldəcək: "Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumidaxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.
Həmsöhbətimiz düşünür ki, dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək: "Ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.
"Bununla bütün türk dünyasının yol birliyini yaratmaq imkanı olacaq”
Bunu isə sayta açıqlamasında AMİP lideri Etibar Məmmədov söyləyib: "Zəngəzur tarixi Azərbaycan torpağıdır. Vaxtilə Sovet rejimi qurulanda bu torpaqlarımız bolşeviklər tərəfindən qeyri-qanuni olaraq Ermənistana hədiyyə edilib. Bununla da Azərbaycanı Naxçıvandan və Türkiyədən ayırıblar. İndi həmin yolun bərpa olunması Azərbaycanın iki hissəsinin bir-birilə birləşməsi deməkdir. Bu strateji yolun açılması ölkəmiz üçün çox əhəmiyyətlidir. İnanıram ki, bu dəhliz əvvəl-axır reallaşacaq. Onun reallaşması ilə Azərbaycanın mövqeyi daha da güclənəcək və ölkəmiz üzərindən bütün türk dünyasının yol birliyini yaratmaq imkanı olacaq”.
Elçin





