Əhalinin 358 manat istehlak borcu var – Borclanmaya nə səbəb olur?
Mərkəzi Bankın məlumatına əsasən, ipoteka kreditləri nəzərə alınmadıqda istehlak kreditlərinin həcmi 2019-cu ilin sonunda 4,117 milyard manat olduğu halda 2020-ci ilin sonunda 3,66 milyard manata qədər azalıb. Azalma dinamikası 2021-ci ildə də davam edərək martın 1-də 3,634 milyard manata düşüb.
Sfera.az bildirir ki, istehlak kreditlərinin ümumi həcmi ilə bərabər onun adambaşına düşən hissəsi də azalır. Belə ki, adambaşına 2019-cu ilin sonunda 410 manat istehlak krediti ayrılmışdısa, 2020-ci ilin sonunda istehlak borcu 360 manata, 2021-ci ilin martın 1-də 358 manata düşüb.
Azərbaycanda istehlak kreditlərinin həcmində ən yüksək göstərici 2015-ci ildə qeydə alınıb. Həmin tarixdə adambaşına istehlak kreditinin məbləği 650 manat idi.
2015-ci ildə əhali istehlak xərclərinin 18 faizini istehlak kreditləri hesabına maliyyələşdirib. 2020-ci ildə bu göstərici 7,7 faizə düşüb.
Bəs, ölkəmizdə adambaşına düşən istehlak kreditlərinin indiki həcmi az hesab edilə bilərmi?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, istehlak kreditlərinin adambaşına düşən məbləğinin az və ya çox olmasının birmənalı qiymətləndirmək olmur. Sfera.az saytına danışan ekspertin fikrincə, burada əsas meyar əhalinin gəlirləridir.
"Azərbaycanda əhalinin adambaşına 360 manat istehlak krediti borcu var. Amma bütün ailələrin adambaşına 360 manat gəliri varmı?”, - deyə sual edən Ə.Həsənovun fikrincə, belə bir gəlir yoxdur. Onun sözlərinə görə bu baxımdan verilən istehlak kreditlərinin həcmi çoxdur:
"Adambaşına düşən 360 manat ailələrin xərclərinin bir hissəsini təşkil edir. Ola bilər ki, insanların gəliri bu borcu ödəməyə imkan verir. Lakin başqa xərclər də var. İnsanlar gəlirinin hamısını kredit borcuna yönəldə bilməz”.
Ə.Həsənov dedi ki, istehlak kreditləri əhalinin bütün borcunu əhatə etmir. Ekspert insanların ticarət müəssisələrindən aldığı borcun da istehlak xarakterli olduğunu və mahiyyətcə istehlak kreditlərindən fərqlənmədiyini dedi:
"Bu statistika əhalinin kredit təşkilatlarına olan borcudur. Əhalinin ticarət şəbəkələrinə olan borcu da çoxdur və həmin borclar istehlak kreditinə daxil deyil. İnsanların ticarət şəbəkələrində nisyə alqı-satqı müqaviləsi əsasında böyük məbləğdə borcu yaranıb. Buna görə də təsadüfi deyil ki, dövlət başçısı da çıxışlarında banklara müraciət edərək deyib ki, onlar çox istehlak krediti verməyə meyilli olmamalıdır. Banklar daha çox biznes kreditləri verməlidir ki, biznes inkişaf etsin və insanlar üçün yeni iş yerləri yaransın, maaşlar artsın”.
Ə.Həsənov hesab edir ki, ölkəmizdə insanların istehlak kreditlərinə meyil etməsinin əsas səbəbi insanların gəlirlərinin xərclərini tam ödəyə bilməməsi və maliyyə savadının aşağı səviyyədə olması ilə bağlıdır:
"İnsanların bir çoxu aldığı krediti necə qaytaracağını fikirləşmir. Hətta bir sıra hallarda cari xərclərini bağlamaq üçün kredit götürənlər də var. Bütün bunlar insanların lüzumsuz yerə borclanmasına səbəb olur”.
Vasif
Sfera.az






