“İslam Əməkdaşlıq Təşkilatının dəstəyini həmişə hiss etmişik” - Deputat
Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra vacib məqamlara toxunub.
Oncə dövlət başçısı qeyd edib ki, İƏT Azərbaycan və Ermənistan arasında münaqişədə ölkəmizə davamlı şəkildə dəstək verib. Bununla əlaqədar İƏT bir sıra qətnamələr qəbul edib, bəyanatlarla çıxış edib. Həmçinin Təmas qrupu da yaradılıb.
Dövlət başçısı onu da vurğulayıb ki, işğal dövründə ermənilər həmin ərazilərdə şəhərləri, kəndləri, mədəni-tarixi və dini abidələri dağıdaraq, yerlə-yeksan edib. Bu isə islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Bununla da ermənilər Azərbaycan və İslam irsini tarixi torpaqlardan silmək kimi faşistpərəst siyasəti yürüdüblər.
Məsələ ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, Azərbaycan xalqı hər zaman İƏT-in onun haqq işinə dəstək verdiyinin şahidi olub: "Azərbaycan müstəqilliyini yenidən bərpa edərkən ölkəmizi tanıyan və öz sırasına qəbul edən ilk təşkilat məhz İƏT olub. Həmin dövrdən indiyə qədər Azərbaycanın haqq işini sona qədər müdafiə edən ən böyükl təşkilat da məhz İƏT-dir. Müharibə dövründə, ondan əvvəl də işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı ardıcıl bəyanatlar verən, Ermənistanın işğalçılıq siyasətini ifşa və haqq işimizi müdafiə edən də bu təşkilat olub. Bir xalq olaraq hər zaman öz arxamızda İƏT-in gücünü hiss etmişik, səsini eşitmişik. Azərbaycan dövlət başçısı ilə İƏT-in baş katibinin görüşündə də bu məqamlar bir daha müzakirə olundu”.
Deputat onu da vurğuladı ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti əslində bütün İslam dünyasına qarşı yönəlik siyasətdir: "Digər tərəfdən, Azərbaycanda erməni vandalizmi nəticəsində yerlə yeksan edilən abidələr təkcə Azərbaycana aid dini abidələr deyil. Bu abidələr dünya inciləridir. Məscid Allahın evi sayılır. Bu mənada fərq etməz, həmin abidənin yerləşdiyi məkan hansı dövlətin ərazisindədir. Bu mənada İƏT dövlətləri arasında xüsusi həmrəylik var. Həqiqətən də ermənilərin azərbaycanlılara qarşı törətdiyi, dini abidələrə yönəlik təcavüzkar siyasəti əslində bütün İslam dünyasına qarşı yönələn siyasət, ona qarşı olan təcavüzdür. İslam dövlətlərinin əksəriyyəti bunu birmənalı olaraq belə qəbul edir. Türkiyənin, Pakistan və Əfqanıstanın məsələyə münasibəti bu ruhdadır”.
Deputat əminliklə bildirib ki, İƏT müharibədən sonra da Azərbaycana dəstək verməkdə davam edəcək: "İƏT müharibə dövründə xüsusi bəyanat verərək, Azərbaycanın haqq işini dəstəklədiyini bəyan etdi. Müharibədən sonra da onlar rəsmən bəyan etdilər ki, Qarabağın bərpasında Azərbaycanın yanında olacaqlar. Ermənilər tərəfindən 70 yaxın məscid dağıdılıb. Məscidlərin bərpasında dini, əqidəsi bir olan insanları yanımızda görməliyik. Azərbaycan Prezidentinin dediyi kimi, Qarabağı o şəkildə inkişaf etdirməliyik ki, ora ölkəmizin cənnət guşəsinə çevrilsin”.
A. İsgəndərov düşünür ki, dünya miqyasında İslam dininə olan ədalətsiz münasibəti aradan qaldırmaaq üçün daha güclü şəkildə birləşməliyik: "Bu mənada da İƏT-ə, onun daha da güclənməsinə böyük ehtiyac var. Həmin qurum müharibədən əvvəl, müharibə dövründə olduğu kimi, yenə də Azərbaycanın yanındadır. Azərbaycan dövlət başçısının İƏT rəhbərilə görüşündən də hiss olundu ki, bu sadəcə bir söhbət deyil, məsələyə münasibət əməli işlərdə də özünü daha qabarıq şəkildə göstərəcək”.
Elçin





