Ukraynada müharibə olarsa, neft yenidən ucuzlaşacaq - ŞƏRH
Ukrayna ətrafında hərbi-siyasi gərginliyin artması neft qiymətlərinin yenindən kəskin enməsinə səbəb ola bilər. Son günlər Rusiyanın Ukraynanın şərq sərhədlərinə çoxlu sayda əsgər və hərbi vasitələr cəmləşdirməsi müharibə ehtimalını gücləndirir. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini dayandırmaq üçün neftin ucuzlaşdırılması ehtimalı istisna edilmir.
Sfera.az xatırladır ki, 2014-cü ildə Rusiyanın Krım Muxtar Respublikasını ilhaq etməsi və Ukraynanın şərq vilayətlərində separatçı fəaliyyətin baş verməsi ABŞ-ın Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etməsi ilə nəticələndi. Rəsmi sanksiyalarla bərabər ABŞ müttəfiqləri ilə birgə qeyri-rəsmi sanksiyalar da tətbiq etdi. Qeyri-rəsmi sanksiyalardan ən güclüsü neftin kəskin ucuzlaşdırılması oldu.
Ukrayna hadisələrinə qədər neftin bir bareli 110-115 dollara satılırdı. ABŞ-la Rusiya arasında siyasi gərginliyin artmasından sonra qiymətlər 37 dollara qədər düşdü.
ABŞ-ın neft qiymətlərini endirməkdə əsas məqsədi Rusiyanın ixracını, ÜDM istehsalını və dövlət büdcəsinin gəlirlərini azaltmaq idi. 2013-cü ildə Rusiyanın ÜDM istehsalı 2,1 trilyon dollar, ixracı 550 milyard dollar, dövlət büdcəsi 600 milyard dollar idi. Həmin dövrdə bir dollar 30 rubla dəyişdirilirdi. Neftin ucuzlaşmasından sonra 2020-ci ildə Rusiyada ÜDM istehsalı 1,45 trilyon dollar, ixrac 338 milyard dollar, dövlət büdcəsi 420 milyard dollar oldu. Ötən il bir dollar təxminən 70 rubla yüksəldi.
İqtisadiyyatın gəlirinin azalması və dövlət büdcəsinin kiçilməsi Rusiyanı hərbi xərclərini də azaltmağa məcbur etdi. 2013-cü ildə hərbi büdcəsi 88 milyard dollar olan Rusiya müdafiə xərclərini ötən il 45 milyard dollara qədər azaldıb.
Rusiya iqtisadiyyatında baş verən dəyər itkisi neftin kəskin ucuzlaşması hesabına mümkün olub. Çünki Rusiya ixracının 70 faizdən çoxu neft-qaz sektoruna aid olan məhsullardır. Buna görə də neftin ucuzlaşması Rusiyaya çox ciddi zərər vurur.
Hazırda neft qiymətləri 60 dollar səviyyəsində dəyişir və bu qiymət səviyyəsi Rusiyaya sərf edir. İstisna etmək olmaz ki, Rusiya Ukrayna ilə birbaşa münaqişəyə girərsə, neft qiymətləri növbəti dəfə dibə düşəcək. Bu dəfə qiymətlərin 30-40 dollar intervalına qədər geriləməsi tam realdır.
Hamıya bəllidir ki, neft qiymətləri bazarın tənzimlənməsi hesabına formalaşır. Əgər OPEC+ çərçivəsində razılaşma pozularsa və hasilat yenidən artırılarsa, o halda qiymətlərin enməsi qaçınılmaz olacaq.
Razılaşmanın pozulub-pozulmayacağı isə siyasi qərarlardan asılıdır. ABŞ və Rusiya arasında siyasi gərginlik artacağı təqdirdə Rusiyaya təsir vasitəsi kimi neftin ucuzlaşdırılması mümkün variantlardır.
Xatırladaq ki, ABŞ Rusiyaya qarşı təzyiq məqsədilə neftin kəskin ucuzlaşdırılması variantından 2 dəfə istifadə edib. Hər iki variant Rusiyaya ciddi iqtisadi zərər vurub. Bu variantlardan birincisi 1979-cu ildə SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsindən sonra, ikincisi 2014-cü ildə Ukraynaya müdaxilədən sonra istifadə olunub.Vasif






